"Planlarımızı qulaqardına almasaydılar, iş bu həddə çatmayacaqdı" - Ərdoğan

Dünya
19:26 / 14.04.2018
3140
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Suriya mövzusunda son addımını dəstəkləyərək Ağ Ev rəhbəri Donald Trampın haqlı mövqe sərgilədiyini bəyan edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə başçısı bu gün keçirilən konqresdə bildirib ki, səhər saatlarında Suriyada rejimin hədəflərinə istiqamətlənmiş bir əməliyyat reallaşıb:
"Son günlər bölgədə gərginliyin artmasına və bu səbəbdən Rusiya ilə ABŞ arasında münasibətlərin korlanmasına şahidlik edirik. Bu səbəbdən də ötən gecəni yuxusuz keçirdik. Suriyada oynanılan bu oyun öncə zalım hakimiyyətin siyasətinə səssiz qalmaq, daha sonra isə bir terror təşkilatının əli ilə bölgədəki gərginliyi artırmaqdır. Biz bu oyunu çoxdan anlamışıq.
Bu səbəbdən də İŞİD-lə savaşırıq. 3 min İŞİD terrorçusunu zərərsizləşdirərək bölgədən uzaqlaşdırdıq. Bu gün Türkiyə 3.5 milyon suriyalını qonaq olaraq qəbul edib”.
Ərdoğan həmçinin, yaxın vaxtlarda Fransa, daha sonra isə Rusiya və ABŞ prezidenti ilə görüşəcəyini də diqqətə çatdırıb:
"5 il öncə Əsədlə bağlı planlarımızı qulaqardına almasaydılar, iş bu həddə çatmayacaqdı.
Amma təəssüflər olsun ki, təkliflərimizi bu qulaqdan alıb, o biri qulaqdan ötürdülər. Dediklərimizi qulaqardı etdilər. Hələ o zaman ABŞ və Rusiyaya dedim ki, gəlin bu silahlanma yarışını bir kənara qoyaq. Əvəzində terroristləri buradan kənarlaşdıraq, daha etibarlı ərazilər formalaşdıraq. Bu təklifi Səudiyyə Ərəbistana da verdim, çox gözəl desələr də, heç bir addım atmadılar”.
Nigar Məhərrəm