Rusiya- Böyük Britaniya QALMAQALI nə ilə nəticələnəcək? - Politoloqdan AÇIQLAMA

13:15 / 17.03.2018
2060
Xəbər verdiyimiz kimi martın 7-də Britaniya polisi Rusiyanın keçmiş xüsusi xidmət zabiti Sergey Skripalın əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə zəhərləndirildiyini açıqlayıb.
Hətta bildirilir ki, Solsberi şəhərində kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin verib. Rəsmi Moskva isə keçmiş kəşfiyyatçıya qarşı sinir sistemini zədələyən maddədən istifadə olunması ilə bağlı izahat verməkdən imtina etdiyinə görə Britaniya, 23 Rusiya diplomatını ölkədən xaric edib. Bu gün isə buna cavab olaraq rəsmi Moskva mövqeyini açıqlayaraq 23 ingiltərə diplomatını ölkədən çıxaracağını bəyan edib. Bu isə tərəflərarası münasibətlərin daha da kəskinləşəcəyinə səbəb olacaq.
Politoloq Elxan Şahinoğlu Sfera.az-a açqılamasında bu haqda danışaraq bildirib ki, bənzər hadisə 2005-ci ildə də baş verib:
"İki ölkə arasında vəziyyət getdikcə gərginləşəcək. Çünki bu tərəflər arasında ilk belə hadisə deyil. Hələ 2005-ci ildə də bənzər hadisə baş verib. Rusiyalı sabiq xəfiyyə İngiltərədə zəhərləndirilərək öldürülüb. Yenə də eyni hadisələr təkrarlanır. Baş verən hər iki hadisə ilə bağlı aparılan əməliyyatlar izləri Moskvaya gətirib çıxarır. Çünki həmin zəhərli maddədən Böyük Britaniyada aşkarlanmayıb. Bu cür zəhərli maddələrin Böyük Britaniyada olmadığı deyilir. Rusiyanın baş verən hadisələrlə bağlı izahı İngiltərəni qane etmədiyindən münasibətlər getdikcə gərginləşəcək. Bu hadisədə Amerikada rəsmi Londonun mövqeyini müdafiə edir. Hətta Fransa, Almaniya da bu hadisədə ingiltərəni dəstəklədiyini açıqlayıb. Sabah isə Rusiyada prezident seçkiləridir. Böyük ehtimalla Putin yenidən prezident seçiləcək. Lakin Rusiyanın qərblə olan münasibətləri bundan sonra da normallaşmayacaq, sanksiyalar daha da artacaq. Məqsəd Putinin mövqeyini zəiflətməklə Rusiyanın iqtisadi asılılığına nail olmaqdır”.
E.Şahinoğlu baş verənlərin səbəbini belə izah edir:

"Krımı işğal etdikdən sonra Rusiya sanksiyalarla üzləşdi. Daha sonra Rusiya ABŞ-da keçirilən seçkilərə qarışdı. Bundan sonra isə xəfiyyə və onun qızına təşkil olunan sui-qəsd hadisəsi vəziyyəti daha da gərginləşdirdi. Hətta Rusiya ilə bağlı bu cür müzakirələr BMT tribunasından səsləndirilir. Vaxtı ilə qərb dövlətləri SSRİ-ni zəiflədirdilər, indi də eyni ssenari davam edir, Rusiyanın zəiflədilməsi istiqamətində addımlar atılır”.
Nigar Məhərrəm
Sfera.az