İlham Əliyev Pirallahıda

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.
Sfera.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib.
***
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sonra Azərbaycan Prezidenti "Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda "Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq CMS Properties MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına müəssisə barədə məlumat verilib.
Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub.
Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir.