Neftin ucuzlaşmasına səbəb olan amil... - Ekspert rəyi

13:18 / 11.07.2017
1369
"Amerikada neft quyularının sayı son 18 həftədə xeyli artıb. Son 1 ildə demək olar ki, iki dəfəyə yaxın artıb. Bu da dünya neft bazarına təsir edəcək amillərdən biridir".
Bu sözləri Sfera.az-a yaxın vaxtlarda dünya bazarında neftin qiymətinin qalxıb-qalxmaması barədə danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, ABŞ-ın neft hasilatında da hər zaman artım olub:
"Yalnız ötən həftə hasilatda 100 min barel azalma qeydə alınıb. Buna da bəzi ştatlarda hava şəraiti ilə əlaqədar bəzi quyuların işləməməsi səbəb olub. Elə ona görə də bu həftənin sonunda qiymətlərə təsir edən amilə çevrilib. Qlobal trendi götürsək, Amerika gündəlik neft hasilatını 8 milyon 600 min bareldən 9 milyon 400 min barelə qədər artırıb. Kanadada da hasilatın 400 min barel artımı müşahidə olunur. Amerika və Kanadanın neft sənayesini birgə dəyərləndirmək daha doğrudur. Çünki bir-biri ilə çox sıx bağlı olan və şirkətləri bir-birinin ərazisində fəaliyyət göstərən iki eyni iqtisadi zonadır. Enerji baxımından da Şimali Amerika və Kanada vahid zona kimi dəyərləndirilir. Ona görə də "Brent” markalı neftdən əlavə, "WTI” nefti adlandırılan yüngül neft həm də Şimali Amerika nefti sayılır. Kanadada da son həftələrdə hasilatın artım tempi hiss olunur. Ona görə də, qlobal trenddə bu neft qiymətləri üçün heç də pozitiv bir mənzərə deyil. Liviya və Nigeriya OPEK anlaşmasına qoşulmadı və son iki ayda iki ölkənin bir yerdə neft hasilatı az qala 800-900 min barelə çatdı. Liviyada isə daha ciddi artım müşahidə olundu. Son iki ayda hasilat 400 min bareldən 800 min barelə qədər artdı. Bu da qiymətlərə çox mənfi təsir edir".
N.Cəfərli qeyd edib ki, dünyada neft qiymətlərinin perspektivini ölçmək üçün ən maraqlı indikatorlardan biri neft tankerlərinin dünyadakı xəritəsi, marşrutları və hansı neft tankerlərinin neçə müddət boşaldılmaması indikatordur:
"Bir neçə şirkətə bunu izləyib. Son 1 ayda görünən mənzərə odur ki, tankerlərin böyük əksəriyyəti açıq dənizlərdə müştəri gözləyir. Tankerlərin doluluq səviyyəsi də kifayət qədər artıb. Bu da gələcəkdə neft qiymətləri ilə bağlı mənfi təsir formalaşdıran amillərdən biridir. Yaxın gələcəkdə neft qiymətlərini yuxarı çəkəcək başqa elə bir amil yoxdur. Ancaq OPEK daxilindəki ölkələrin müxtəlif yanaşmaları, strategiyaları var. Səudiyyə Ərəbistanı uzun zaman neft hasilatını azaldaraq bazarları itirmək istəmir. Çünki son anlaşmadan sonra ən çox neft hasilatını azaldan ölkə Səudiyyə oldu. Ona görə də inanmıram ki, OPEK ölkələri növbəti dəfə hasilatın azaldılması ilə bağlı anlaşmaya getsin. Bazardakı payını itirmək təhlükəsi də mövcuddur. Ötən həftənin neft bazarında trend yarada biləcək digər bir hadisəsi isə Trampın Energetika Nazirliyinin tədbirindəki çıxışı oldu. Amerikanın enerji müstəqilliyinin təmin olunması üçün layihələrin başlandığını elan etdi. Amerika bu gün də xaricdən, ərəb yarımadasından, Venesuelladan, Meksiadan orta hesabla 7,8 milyon barel neft alır. Trampın bu bəyanatı isə onu deməyə əsas verir ki, ABŞ neft hasilatını artıracaq. Çünki Tramp neft şirkətlərinə ciddi vergi endirimləri elan etdi. Əgər yaxın 2-3 ildə bu hədəflərə çatılsa, neft hasilatı 10 milyon bareli keçsə, bu, o deməkdir ki, xaricdən neft idxalı azalacaq. Amerika xaricdən neft idxalını azaltmağa başlasa, yaxın 5 ildə neft almaqdan imtina etsə, o zaman neft bazarının qara günləri başlayacaq. Çünki ABŞ dünyada ən çox neft istehlak edən ölkədir. Dünyada hasil edilən neftin təqribən 25 faizi onun payına düşür. Əgər bu istehlak daxili istehsal hesabına baş verəcəksə, nəticədə dünyada neft bolluğu yaranacaq, neftin strateji-siyasi əhəmiyyəti azalacaq və qiymətlər ucuzlaşacaq. Obama administrasiyası dənizdə və okeanlarda neft hasilatını qadağan etmişdi. Trampın daha bir qərarı isə bu qadağanın ləğvindən ibarət oldu. ABŞ-da okean və dənizlərdə, əsasən də Meksika körfəzində yeni yataqların işlənməsinə icazə verildi. Meksika və Kanada ilə yeni boru xəttinin çəkilməsi təsdiqləndi - hansı ki, Obama həmin xəttin çəkilməsini təsdiqləmirdi. Yəni Amerika dünyanın enerji xəritəsini dəyişməyə qərar verib. Yaxın 2-3 ildə bu hədəflərinə nail olsa, dünyanın enerji xəritəsində və qiymətlərdə çox ciddi dəyişikliklər olacaq”.
Azər Salam
Sfera.az