UEFA-nın qərarı gözlənilir: Erməni təxribatına görə...
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "İnter” – "Mladost” matçı bir dəqiqəlik sükutla başlaya bilər.
Bu barədə "İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
O bildirib ki, Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya müraciət edilib: "UEFA-nın burdakı nümayəndəsinə müraciətimizi etdik. Qurum razılıq versə, həm sükut olacaq, həm də futbolçular meydana qara sarğı ilə çıxacaqlar. UEFA bununla bağlı qərarını sabah verəcək”.
Qeyd edək ki, dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. (apa)
Sfera.az