QMİ bəyanat yaydı: "Bu, məsuliyyət və borcumuzdur"

QMİ bəyanat yaydı:

İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.

Sfera.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin iyulun 5-də yayımladığı bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə minaatan və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyeva həlak olub, digər mülki şəxs Sərvinaz Quliyeva isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir.

Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərimiz baş tutmuşdur. Erməni xalqının dini liderini dinc insanların – qadın və yaşyarımlıq uşağın qətlinə səbəb olan bu hadisə ilə bağlı həmin görüşlərin nəticələrinə dair imzaladığımız Birgə Bəyannamələrin ruhuna uyğun olaraq qətiyyətli mövqe bildirməyə çağırırıq. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir.

Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırırıq. Ümidvarıq ki, dünyanın nüfuzlu dini liderlərinin mövqeləri bu cür halların qarşısının alınmasına, ədalətli sülhün bərqərar olmasına xidmət edəcəkdir, inşallah.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR