Bütün ölkələrdə dərsliklərdə Azərbaycan haqqında informasiyalar araşdırılmalıdır - İDDİA

Cəmiyyət
16:16 / 29.05.2017
1311
"Son illər ərzində Azərbaycan diasporu xaricdə ciddi şəkildə fəaliyyət göstərir. Öz ətrafında geniş Azərbaycanlı icmasını toplaya bilib və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Lakin bu uğurlar sırasında diaspor təşkilatlarının və səfirliklərinin fəaliyyət göstərdiyi ölkələrdə dərsliklərdə Azərbaycan haqqında məlumatlar salınması, dərsliklərdə olan Azərbaycan haqqında yalnış, az, qərəzli məlumatın ləğvi ilə bağlı yox dərəcəsindədir"
Bu sözləri Sfera.az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, bu gün dünya ölkələrində bununla bağlı ciddi problemlər yaşayırıq:
"Bizdə dərslik siyasəti son illər ərzində irəliləyib. Bu danılmazdır. Amma iş bununla bitməməlidir. Dünyanın bütün ölkələrində dərsliklərdə Azərbaycan haqqında informasiyalar araşdırılmalı, ziddiyyətli məlumatlar aradan qaldırılmalıdır. Türkiyənin orta məktəblərinin 3-cü sinfi üçün riyaziyyat dərsliyində Türkiyənin qonşu ölkələrlə sərhədlərindən bəhs edən bir məsələdəki diaqramda bütün qonşu ölkələr göstərildiyi halda Azərbaycan yer almayıb. Görəsən bu dərslik yazanların unutqanlığıdır yoxsa Azərbaycanla sərhədin uzunluğu məsələdə əhəmiyyət kəsb etməyib? Mən Avropa və Amerikanın tarix dərsliklərində bizimlə birbaşa əlaqəli olmasına baxmayaraq, adımızın çəkilmədiyi kifayət qədər faktlar görmüşəm. Lakin etiraz missiyam vətəndaş mövqeyindən o tərəfə olmayıb. Çünki hüquqi səlahiyyətlərim və vəzifəm yoxdur. Burda 1-2 orta məktəb kitabı oxuyub özünü dahi sayanlar gərək bu dahilikləri ilə bu ölkələrə cavab versin".
Gülnarə Eynullaqızı
Sfera.az