Bu məhsulları almayın: öldürə bilər
17:36 / 14.03.2017
1448
Onların xəstəlik mənbəyi olmayacağını heç kim təminat vermir
Amerika Kənd Təsərrüfatı İdarəsinin toyuq əti üzərində apardığı araşdırma zamanı məlum olub ki, satışda olan toyuq ətləri satışa çıxarılana qədər hər hansı formada nəcislə təmasda olur. İstehlakçı hesabatına görə, hər il 1.1 milyondan çox amerikalı qüsurlu toyuqların kifayət qədər bişməmiş əti ilə qidalanması səbəbindən müxtəlif xəstəliyə yoluxur.
Sputnik Azərbaycan-ın məlumata görə, Bakıda bazarlarda, bəzi metrostansiyaların çıxışında (İnşaatçılar, Neftçilər), hətta bəzi mağazalarda kənd toyuğu adı altında mənşəyi bilinməyən toyuq əti satılır. Toyuqların haradan gətirildiyi, harada və hansı şəraitdə kəsildiyi, hansı şəraitdə saxlandığı barədə bəzən satıcılar özləri də məlumatsız olurlar. Alıcılar üçün isə bu məlumatlar o qədər də önəmli deyil. Buna bazarlarda apardığımız müşahidələr zamanı bir daha şahid olduq.
Və…
Alıcı Məhbubə Əhmədova bildirir ki, hər zaman bu toyuq ətindən istifadə edir: "Yeməyi yaxşı bişirdikdən sonra heç bir qida orqanizmə zərər verə bilməz. Toyuğun biri 4 manatdır. Bir toyuqdan 3-4 dəfə yemək bişirə bilirəm. Əti bir dəfə qaynadıb suyunu atdınsa, təmizlənir. İkinci bulyonunda yemək bişirirəm. İllərdir bu toyuqlardan yeyirik. Hələ ki, nəinki ölməmişik, heç xəstələnməmişik də".
Kənd toyuğu adı altında mənşəyi bilinməyən toyuq əti satılır
Satıcılar toyuq ətinin mənşəyi ilə bağlı verdiyimiz sualları cavabalandırmaqdan imtina etdilər. Mütəxəssislər isə iddia edirlər ki, Azərbaycan bazarlarında satılan toyuq və toyuq məhsullarının mənşəyi bilinmir, onlar sağlamlıq üçün təhlükəlidir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kəndlərdə toyuqlar arasında xəstəliklər yayılıb və çoxlu tələfat halları var: "Bazarlarda satılan toyuqların belə toyuqlardan olmayacağını heç kim təminat vermir. Bu toyuqların kəsimi hansı şəraitdə aparılır, kəsimə hansı toyuqlar verilir, məlum deyil. Toyuqların xəstə olub-olmadığı haqda satıcının heç bir məlumatı olmadığı kimi, bu haqda heç bir sənəd də olmur".
"Baytarlıq İdarəsi də buna nəzarət etmir. Ümumiyyətlə, buna nəzarət etmək də mümkün deyil. Çünki hər bir toyuğu ayrı-ayrılıqda aparıb yoxlamaq fiziki cəhətdən real görünmür. Bu toyuqları şəhərə gətirən, onların satışını həyata keçirən insanlarla iş aparmaq lazımdır. Bu insanlar toyuqları saxladıqları əraziyə mütəxəsis dəvət etməli, mütəxəsis rəyi almaldır" - mütəxəssis bildirir.
V. Məhərrəmovun sözlərinə görə, bu iş xüsusi nəzarətə götürülməlidir: "Bu toyuqların satışı ilə məşğul olanların da buna uyğun şəraiti olmalıdır. Xüsusi soyuducu kameralar olmalı, toyuqlar kəsimdən sonra orada saxlanılmalıdır. Amma səyyar alverçilər onu səhər-səhər bazara, metro girişlərinə gətirir, axşama kimi gündə, külək, toz qarşısında qalır, satılmayanları hətta geri qaytarıb, bir gecə də saxlayıb, səhər yenidən satmağa cəhd edirlər. Bu, yaxşı hal deyil, bunun qarşısı alınmalıdır".
Ekspert bildirir ki, quşların anti-sanitar vəziyyətdə kəsilməsi, nəql edilməsi, satışının həyata keçirilməsi müəyyən xəstəliklərə səbəb ola bilər.
"Kənd toyuqları daha təhlükəlidir"
Satıcılar toyuq ətinin mənşəyi ilə bağlı verilən sualları cavabalandırmaqdan imtina etdilər
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə də, bazarlarda, mağazalarda hər çeşiddə toyuq var: "Xəstə, baytar dərmanından ölmüş toyuq satıla bilər. Əhali belə məhsullardan uzaq olmalıdır. Bakıətrafı kəndlərdə belə toyuqlar saxlanılır, anti-sanitar şəraitdə kəsilir, yolunur, emal olunur və bazarlara çıxarılır. Mağazalarda da bəzən ayaqları və boğazı üzərində olan (sovet dövründə olduğu kimi) "kənd toyuğu" adı altında satılan məhsullar var. Onlar çox təhlükəli toyuqlardır".
E. Hüseynov qeyd edir ki, bəzi broylerlər xüsusi — kənd toyuğuna uyğunlaşdırılaraq yetişdirilmiş toyuqlar satır: "Bu toyuqlar bazaralara az miqdarda çıxarılır. Bu toyuqlar kənd toyuğundan da, broyler toyuqlarından da qat-qat üstündür. Biz iş aparırıq ki, bu toyuqların sayı artırılsın".
"Əhalinin tələbatı çox olsa da, bazarlarda kənd toyuğu nəzarətsizdir və müxtəlid üsullardan istifadə edirlər. Broyler toyuqlar isə nisbətən nəzarət altındadır. Demirəm ki, broyler toyuğu yaxşıdır, amma kənd toyuğu nəzarətsizdir. Nə yeyir, nə ilə qidalanır, hansı xəstəlikdən ölür, hansı şəraitdə bazarlara çıxarılır, bu barədə alıcıların məlumatı olmur. Buna görə də, toyuq seçərkən diqqətli olmaq lazımdır" - ekspert qeyd edir.
E. Hüseynovun sözlərinə görə, Ukraynadan gətirilən toyuqlarda 25 faiz naməlum mayelər müəyyən edilib: "Biz Ukraynadan gətirilib, Azərbaycanda satılan toyuqlar üzərində yoxlama keçirdik və 25 faiz naməlum mayelər müəyyən etdik. Azərbaycan broylerlərində belə halların olması haqqında bizdə məlumat yoxdur. Xaricdən gətirilən toyuqlarda problem var".
"Listeriya monosytogenes" bakteriyası
Terapevt Məlahət Abbasovanın sözlərinə görə, anti-sanitar şəraitdə kəsilən, təmizlənən, saxlanılan və satılan toyuq ətlərində "listeriya monosytogenes" bakteriyası olur: "Bu bakteriya meningit, hamilə qadınlarda erkən doğuş, ölü doğuş və qanda iltihablanmaya səbəb olur".
"Bu bakteriya gigiyena qaydalarına riayət edilmədiyi təqdirdə yaranır. Buna görə də, toyuq əti satan marketlər, bazarlar və şəxslər gigiyena qaydalarına riayət etməlidir. Bu bakteriya xüsusilə hamilələr, yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün təhlükəlidir. Buna görə də, hər ehtimala qarşı toyuq əti və toyuq məhsulları yaxşı bişirildikdən sonra yeyilməlidir. Toyuq əti, ən az yarım saat qaynadılmalı, birinci suyu atılmalıdır" - həkim bildirir.
Bazarlarda satılan toyuqların harada kəsilməsi haqqında məlumatımız olmasa da, satışının anti-sanitar şəraitdə həyata keçirildiyini gözümüzlə görürük. Buna görə də toyuq və toyuq məhsulları alarkən diqqətli olmaq, onu mütləq uzun müddət bişirmək lazımdır.
Qeyd edək ki, toyuq və toyuq məhsullarını soyuducuda açıq şəraitdə saxlamaq, digər qidaların bakteriyalara yoluxmasına səbəb ola bilər. Buna görə də, bu məhsulları soyuducuda xüsusi selofan torbalarda saxlamaq lazımdır.