Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə əlaqədar yürüşdə iştirak ediblər - FOTO
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.
Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayacaqlar!", "Xocalı soyqırımı - 25 il" və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.
Faciənin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 24-də "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.
Xocalı qırğını haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb və bilib ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri "insanlığa qarşı kütləvi cinayət" kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib - dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı" anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
X X X
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.