Avtomobil bazarında son vəziyyət - QİYMƏTLƏR (VİDEO)
14:28 / 12.02.2017
3689
İşlənmiş avtomobil bazarında qiymətlər ucuzlaşıb. Amma maşın alanların sayında artım müşahidə edilmir. Avtomobil bazarında durğunluq davam edir. Həftə sonu olmasına baxmayaraq, bazarda alıcı azlığı diqqət çəkir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, əvvəllər ay ərzində 5 maşın sata bilən alverçilər indi bir maşın satanda sevinirlər. Satıcı Elxan Məmmədovun sözlərinə görə, hazırda yalnız dövlət sifarişi ilə, ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir.
Qiymətin enməsinə rəğmən, böyük və bahalı avtomobillərin alıcısı yoxdur. Əgər kiçik maşınların qiyməti 2000-3000 manat düşübsə, böyük avtomobillərdə bu rəqəm 5-7 min manat arasında dəyişir. Bundan əvvəl 2008-ci il istehsalı olan "Toyota Prado"nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb.
Satıcıların sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin "Lexus LX 350” modeli 21-22 min dollara satılırdısa, hazırda bu avtomobil 14-15 min dollara təklif edilsə də, alan yoxdur.
Yeri gəlmişkən, bazarda "Lexus" markalı avtomobillərə demək olar ki, rast gəlmədik.
"Range Rover” avtomobilinin sahibi onu 16 min dollara təklif etsə də, alıcı qıtlığından şikayət edir: "Range Rover” və "Pajero" çıxarmışıq bu gün. "Range Rover” 2008-ci ilin maşınıdır 16 min dollara. Əla vəziyyətdədir. "Pajero" 15 min dollar. Hər iksi ikinci əl maşındır. Maraqlananlar əvvəlki həftələrə baxanda var".
Bazarda diqqətimizi daha çox Rusiya istehsalı olan avtomobillər çəkdir. Qiymətlərə gəlincə, "VAZ-2107" 5700 manata, "Niva" 14 500 manatadır.
Satıcıların sözlərinə görə, satılmayan modellər sırasında 2012-2013-cü il istehsalı olan "Wolksvagen Passat” avtomobilləri də var.
Müsahiblərimiz deyir ki, "Lexus”dan "Nissan”a qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib.
Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq "Mercedes”lər, "VAZ” və köhnə "Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, istismara davamlı olması ilə bağlıdır.
"Mercedes” və "VAZ” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 mühərrikli 1998-ci il model "Mercedes” əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan "Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. 1995-2002-ci il model furqonlu "Opel”lər isə 1500-4000 manata satılır.
Alıcılar isə qiymətlərin bahalığından, eyni zamanda avtomobillərin qıtlığından gileylənirlər.
İkinci əl avtomobil bazarında durğunluğun digər səbəbi də Avro-4 standartıdır ki, buna görə ölkəyə xaricdən köhnə və qiyməti aşağı olan avtomobilləri gətirmək mümkün olmur. Qiymət baha olduqda isə insanlar maşın almaqdan çəkinirlər. Məhz Avro-4 standartı səbəbi ilə ölkəyə gətirilən avtomobillərin sayı 35-40% azalıb.