Tramp hakimin qərarına reaksiya verdi
ABŞ prezidenti Donald Tramp Sietldə hakimin miqrasiya fərmanının icrasının qismən dayandırılmasına dair qərarını gülünc adlandırıb.
"Ölkəmizin qayda-qanununa hörmət qoymayan hakimin qərarı gülüncdür və həmin qərar ləğv olunacaq” – deyə Tramp "Twitter”də yazıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.
D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.