\"Azərbaycan xalqı ordumuzdan növbəti aprel gözləyir\" - Ağır və sarsıdıcı...
Moderator.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı parlamentinin ötən gün keçirilən iclasında çıxış edib.
Sfera.az millət vəkilinin bu çıxışını təqdim edir:
"Mən imkandan istifadə edərək vacib bildiyim bir sıra məsələyə öz münasibətimi bildirmək istəyirəm. İlk növbədə Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasındakı fəaliyyətini yüksək qiymətləndirirəm. Bu sessiyada bir daha Ermənistanın təcavüzkar olduğu, Azərbaycan torpaqlarının işğal olunduğu AŞPA sənədlərində əksini tapdı. Bu bizim nümayəndə heyətimizin səmərəli fəaliyyətinin məntiqi nəticəsidir. Bu, heç şübhəsiz, ölkə prezidentinin həyata keçirdiyi siyasi, diplomatik və xarici siyasətinin prinsiplərinə söykənən bir uğurdur. Mənə elə gəlir ki, bizim eyni zamanda Müdafiə Nazirliyindən də gözləntilərimiz var. Xalqımız gözləyir ki, ordumuz Ermənistanın təxribatlarına qarşı apreldə olduğu kimi daha qətiyyətli mövqe nümayiş etdirməli, düşmənə ciddi və ağır zərbələr vurmalıdır. Bunun üçün bizim kifayət qədər əsaslarımız var. Ölkə prezidenti ilə ordunun və Azərbaycan xalqının sıx vəhdəti mövcuddur. Prezidentimizin siyasi iradəsi, müdafiə nazirimizin yüksək peşəkarlığı, vətənə və ərazi bütövlüyümüzə sədaqəti, eyni zamanda Müdafiə Nazirliyimizin yüksək döyüş qabiliyyəti də bizə əsaslar verir. Ona görə də biz təkcə yüngül çaplı silahlarla Ermənistanın təxribatlarına cavab verməklə kifayətlənməli deyilik, aprel döyüşlərində olduğu kimi onlara ağır və sarsıdıcı zərbələr vurmalıyıq. Bunu bütün Azərbaycan xalqı silahlı qüvvələrimizdən gözləyir.
Növbəti toxunmaq istədiyim məsələ bu yaxınlarda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə prezidentinin vermiş olduğu sərəncamdır. Məncə, bu sərəncam həm də xüsusi olaraq siyasi və mənəvi-psixoloji baxımdan ciddi əhəmiyyət kəsb edir. Bu, həm də dünyada Ermənistanın vandalizmini nümayiş etdirəcək bir tədbir olacaq. Çünki o görüntülər dünya ictimaiyyətinə çatdırılacaq. Ölkə prezidentinin dediyi kimi, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirləri həmin yerlərə aparılacaq və erməni vandalizmi bir daha onların diqqətinə çatdırılacaq. Ümidvaram ki, bu sərəncam növbəti sərəncamların bir əsası olacaq və bundan sonra da bu proseslərin şahidləri olacağıq.
Nəhayət növbəti məsələ hörmətli həmkarımız Yaqub Mahmudovun toxunduğu çox ciddi tarixi həqiqətlərdir. Kifayət qədər tarixi faktlara və hüquqi əsaslara malik olan həmin məsələ, düşünürəm ki, Milli Məclisdə müzakirə olunmalıdır. Biz tarixi həqiqətlərə və hüquqi əsaslara söykənərək Ermənistana qarşı öz haqlı mövqeyimizi ortalığa qoya bilərik. Necə ola bilər ki, bu gün Ermənistan adlanan bir terrorçu dövlət tarixi Azərbaycan torpaqlarında bərqərar olur, bu ədalətli hesab olunur, amma bizim öz tarixi torpaqlarımızı geri tələb etməyimiz kimlərsə tərəfindən doğru hesab olunmur? Ona görə də Yaqub Mahmudovun əzəli Azərbaycan torpaqlarına qarşı qanuni əsasları olan iddia ilə çıxış etməyimizn vaxtının yetişdiyi barədəki çıxışını yüksək qiymətləndirirəm və düşünürəm ki, onun bu təklifi Milli Məclisin müzakirəsinə çıxarılmalı və bununla bağlı müvafiq qərar qəbul edilməlidir".