Keçən il Azərbaycanda 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb
Məhkəmə qərarlarının icrası sahəsində 2016-cı ildə iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. APA-nın xəbərinə görə, bu barədə bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib.
Hesabat dövründə görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.
İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.