Rusiyanın Ermənistana təsir imkanları azalır - Lavrovun səfəri nəyi dəyişəcək?

Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Ermənistana səfər etməyə hazırlaşır. Səfərin məqsədi kimi İrəvanın son dövrlərdə Qərbə doğru artan meyilləri və bunun Moskvanın Cənubi Qafqazdakı maraqlarına yaratdığı təhdidlər göstərilir. Siyasi ekspertlər bu səfəri Rusiyanın bölgədəki mövqelərini qorumaq cəhdi kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın son illərdə açıq şəkildə Qərb yönümlü siyasət aparması Rusiya üçün ciddi narahatlıq mənbəyidir:
“Bu, sirr deyil ki, Ermənistanın açıq və sistemli şəkildə Qərb yönümlü siyasət aparması Rusiyanı narahat edir və Rusiya rəsmiləri bunu hər zaman açıq şəkildə ifadə edirlər. Rusiyanın xarici işlər naziri dəfələrlə vurğulayıb ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz”.
Politoloq söylədi ki, Ermənistan parlamenti artıq Avropa İttifaqı ilə inteqrasiya istiqamətində ilkin prosedurların başlanmasına dair qərar qəbul edib. "Bu isə Moskva üçün Ermənistanın Rusiya orbitindən uzaqlaşmaq niyyətinin real göstəricisidir", - deyən E.Mirbəşiroğlu xatırlatdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan da məhz Qərb meyilli xəttin təmsilçisi kimi hakimiyyətə gəlib:
“Paşinyan rəhbərlik etdiyi “Çıxış” hərəkatı ilə bəyan edirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmalıdır. Bu açıq mövqeyinə görə o, Qərbdən dəstək aldı və hakimiyyətə gətirildi.
Paşinyan hakimiyyətə gələndən sonra atdığı ilk ciddi addım KTMT-nin baş katibi, erməni əsilli Yuri Xçaturova qarşı cinayət işinin başladılması oldu. Bu, həm də təşkilata qarşı etimadsızlıq mesajı idi. Paşinyan müxtəlif vasitələrlə KTMT-nin fəaliyyətini iflic etməyə çalışır. Ermənistan bu təşkilata olan ödənişlərini də artıq dayandırıb”.
Millət vəkili hesab edir ki, bu proseslərin fonunda Rusiya Ermənistandakı təsir imkanlarını qorumaq üçün aktivləşib və Lavrovun səfəri də məhz bu məqsədə xidmət edir:
"Lakin Ermənistanın Avrasiya İqtisadi İttifaqına olan iqtisadi asılılığı İrəvanın manevr imkanlarını müəyyən qədər məhdudlaşdırır. Ermənistan bu gün Avrasiya İqtisadi İttifaqına üzvlükdən ciddi şəkildə asılıdır, çünki bu üzvlük ona mühüm iqtisadi dividendlər qazandırır. Avropa İttifaqı isə hələlik bu dividendləri əvəzləmək gücündə deyil”.
E.Mirbəşiroğlu vurğulayıb ki, hazırda Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyası faktiki olaraq NATO-nun bölgədəki mövcudluğuna zəmin yaradıb:
“Bu missiya adı altında NATO Ermənistanda mövcudluğunu təmin edib və bu, Rusiyanı ciddi narahat edir. Rusiya həmişə bildirib ki, onun milli təhlükəsizliyində Cənubi Qafqazın xüsusi yeri var”.
Bəsti Rəfizadə
Sfera.az