ABŞ Krım üzərində Rusiya nəzarətini tanıyacaq

ABŞ administrasiyası Rusiya və Ukrayna arasında daha geniş sülh sazişinin bir hissəsi kimi Krım bölgəsi üzərində Rusiyanın nəzarətini tanımağa hazırlaşır.
Sfera.az "Bloomberg”-ə istinadən xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın atəşkəsi möhkəmləndirməyə yönəlmiş son səylərinin bir göstəricisidir.
Tramp və dövlət katibi Marko Rubio dünənki çıxışlarında vasitəçilik prosesində sürətli irəliləyiş əldə olunmazsa, bu təşəbbüslərə son veriləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Krım 2014-cü ildə Rusiya tərəfindən işğal olunub və daha sonra keçirilən beynəlxalq hüquqa zidd referendumla Rusiya tərəfindən ilhaq edilib. Dünya birliyi həmin ilhaqı tanımayıb və yarımadanın statusuna dair beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
ABŞ-nin bu mümkün güzəşti beynəlxalq hüquq normalarını xüsusilə ərazilərin güc yolu ilə dəyişdirilməsini yasaqlayan prinsipləri ciddi şəkildə sınağa çəkə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Ukrayna ərazilərindən, o cümlədən Krımdan imtina etməyəcək. Buna baxmayaraq, iddia olunan bu addım Rusiya Prezidenti Vladimir Putin üçün əhəmiyyətli diplomatik qələbə ola bilər. Kreml uzun illərdir Krım üzərindəki suverenliyinin beynəlxalq səviyyədə tanınmasına çalışır.
Bildirilir ki, Rusiya hələlik Trampın irəli sürdüyü hərtərəfli sülh razılaşması təklifini qəbul etməyib və məsələ ilə bağlı yekun qərarın verilmədiyi vurğulanır.
Fidan Hacızadə