Baş nazirin müavini: \"Beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq\"
"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası prezidentinin sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirib. Bu qərar bütün beynəlxalq aləmdə səs salıb".
Sfera.az report-a istinadən xəbər verir ki, bu sözləri yanvarın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
"Aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar", - o bildirib.
Komitə sədri qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır: "Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkədə fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq".