Şagird məktəbdə xarici dil öyrənə bilmir - "Bu sistematik problemdir"

Şagird məktəbdə xarici dil öyrənə bilmir - "Bu sistematik problemdir"

Azərbaycanda orta məktəblərdə şagirdlərə 11 il xarici dil tədris edilməsinə baxmayaraq onların böyük hissəsi xarici dilləri lazımi səviyyədə öyrənə bilmirlər. Buna görə də valideynlər uşaqlarının xarici dilləri daha yaxşı mənimsəyə bilməsi üçün əlavə dil kurslarına və ya repetitor yanına göndərirlər.


Orta məktəblərdə tədris prosesində şagirdlərin xarici dilləri öyrənə bilməməsinin səbəbi nədir? Bu, metodikanın yetərsizliyi ilə bağlı ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, bu hal təkcə Azərbaycana xas deyil.

 

Dünyanın bir çox ölkəsində şagirdlər xarici dil biliklərini dərinləşdirmək üçün əlavə dərs və ya kurslardan istifadə edirlər. Lakin problem ondan ibarətdir ki, Azərbaycanda məktəb təhsili şagirdə əsas dil bacarıqlarını qazandırmaqda çətinlik çəkir. 

 


“Xarici dil öyrənmək yalnız qramatika ilə məhdudlaşmamalıdır. Məktəblərimizdə əsas vurğu məhz qramatikaya edilir. Halbuki, dil bacarıqları – dinləmə, danışma, oxuma və yazma – paralel şəkildə inkişaf etdirilməlidir”, – deyə İlqar Orucov qeyd edib.


Ekspertin fikrincə, Azərbaycan məktəblərində istifadə olunan dərsliklər, tədris metodikası və resurslar müasir tələblərə cavab vermir. Şagirdlərin danışıq bacarıqlarının inkişafı üçün nə interaktiv mühit, nə də texniki baza yetərlidir:


“Tədrisdə filmlərin izlənməsi, dinləmə materiallarının istifadəsi, oyunvari üsullarla danışıq dərslərinin keçirilməsi olduqca vacibdir. Amma bu kimi yanaşmalar məktəblərimizdə nadir hallarda tətbiq olunur”, – deyə o əlavə edib.


O qeyd edib ki, bu məsələdə müəllimləri qınamaq düzgün olmaz, çünki onların da imkanları məhduddur:


“Mövcud tədris məzmunu çox zaman test yönümlüdür, yaradıcı yanaşmalara yer verilmir. Müəllimlərin əlində olan material və texniki baza bu sahədə effektiv dərs keçməyə imkan yaratmır”.


Ekspert həmçinin diqqətə çatdırır ki, valideynlərin narazılığı əsaslıdır:


“Valideyn deyir ki, uşağım 11 il məktəbə gedib, amma məktəbi bitirəndə bir cümlə belə ingilis dilində deyə bilmir. Bu, artıq sistematik problemdir və dərhal müdaxilə edilməlidir”.


İlqar Orucovun fikrincə, xarici dil tədrisinin keyfiyyətini artırmaq üçün müəllim hazırlığına xüsusi diqqət yetirilməlidir. Onlar beynəlxalq təcrübəni mənimsəməli, yeni metodikalarla tanış olmalı və daim öz üzərində işləməlidirlər: "İngilis dili müəllimlərinin universitet səviyyəsində hazırlığı zamanı onlara müasir tədris yanaşmaları öyrədilməlidir. Çünki sabah bu müəllimlər məktəblərə gedib o biliyi şagirdlərə ötürəcəklər.


Ekspert əlavə edib ki, özəl məktəblərlə dövlət məktəbləri arasındakı fərq də buradan qaynaqlanır:


“Özəl məktəblərdə interaktiv dərs mühiti, texniki vasitələr və zəngin resurslar mövcuddur. Dövlət məktəblərində isə bu imkanlar ya yoxdur, ya da çox zəifdir”.
İ.Orucov hesab edir ki, sistemli şəkildə yanaşılarsa, bu problemlərin aradan qaldırılması mümkündür:


“Məktəblərdə xarici dil tədrisinin keyfiyyətinin artırılması üçün infrastrukturun gücləndirilməsi, müəllimlərin peşəkar inkişafı və müasir tədris vasitələrinin tətbiqi şərtdir. Əks halda, 11 il ərzində keçilən dərslərin nəticəsi yalnız kağız üzərində qalacaq”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...