Bakıda kirayə bazarı: Qız və oğlanlar bir evdə qala bilər, ancaq...
Kirayə mənzil bazarında da yerli-əcnəbi ayrı-seçkiliyi
Dünəndən etibarən Azərbaycanda yeni tədris ilinə start verilib. Minlərlə ali və orta ixtisas təhsili müəssisəsinin tələbəsi bölgələrdən Bakıya gəlib və bir neçə illərini keçirəcəkləri paytaxt həyatına atılıblar. Tədrisdə qarşılaşacaqları problemlər, ilk dövrlərin çətinliyi sırasında bir məsələ də var ki, bu da ailələrin yükünü daha da artırır. Əslində övladının təhsil həyatında valideynləri ən çox narahat edən də məhz bu məsələdir- yaşayış yerinin tapılması. Başqa sözlə desək, tələbənin 4 il müddətində qalacağı ev. Onun kirayəsinin ödənilməsi, kommunal xidmət haqlarının vaxtlı-vaxtında çatdırılması, ailə büdcəsində önəmi yer tutan kirayə haqqı təhsilin davam etdirilməsinin qarşısını alan əsas ciddi amillərdəndir.
Bura eyni zamanda illik təhsil haqqı, günbəgün bahalaşan ərzaq qiymətləri, kommunal xidmətlər daxildir. Sovet dönəmindən fərqli olaraq tələbələrin yataqxana ilə təminatı bərbad vəziyyətdə olduğundan ancaq ailənin öz maddi imkanına ümid etmək qalır. Qohumlar arasında münasibətlərin də getdikcə soyuması fonunda kimlərinsə bu məsələdə ciddi və davamlı yardımına ümid etmək mümkün deyil.
1000 tələbəyə yataqxana, bəs qalanlar?
Paytaxtda, eləcə də bölgələrdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin əksəriyyətinin yataqxanası olmadığına, olanlarda isə əsasən məcburi köçkünlər məskunlaşdığına görə problem illərdir ki, aktuallığını qoruyur. Ancaq yaxın zamanda bu problemin müəyyən qədər aradan qalxacağı təmin edilir. Belə ki. paytaxtda müasir tələbə yataqxanası inşa ediləcək.
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil müəssisələrində, xüsusilə, böyük şəhərlərdə, ilk növbədə paytaxtda tələbə yataqxanalarının az olmasının, bir çox universitetlərdə isə ümumiyyətlə, olmamasını, səbəbləri yaxşı məlumdur:
"Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək”. Təhsil naziri qeyd edib ki, yeni yataqxana layihəsi dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə, Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək: "Lakin bu layihənin özəlliyi var. Biz belə bir fəlsəfə və siyasət həyata keçirəcəyik ki, yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, ehtiyacı olan digər ali təhsil müəssisələri də tələbələrini müvafiq kvotalara uyğun olaraq həmin tələbə yataqxanalarında yerləşdirmək imkanı qazansınlar”.
Ərəb gəldi gedərdi...
Təbii ki, bu sonrakı mərhələdir. Hələlik isə oxumaq üçün Bakıya üz tutan tələbələr kirayə mənzilin ümidinə qalıblar. Tələbə axını isə kirayə mənzil bazarında müəyyən qədər canlanma yaradıb. İkinci devalvasiyadan sonra ölkənin üzləşdiyi ağır iqtisadi durum mənzil bazarına da mənfi təsir edib. İş yerlərinin bağlanması Bakıdan bir çox ailələrin bölgələrə qayıtmasını şərtləndirib. Bu isə kirayə mənzil bazarında mart ayından etibarən durğunluğun yaranması ilə müşayiət olunmuşdu. Bu sektorda əsas problem isə may ayının sonlarından- tədris ilinin başa çatması ərəfəsində yaranmışdı. Ekspertlər bunun səbəbini tədris ilinin başa çatması ilə övladı təhsil alan bir çox valideynlərin paytaxtı tərk etməsi və kirayə mənzillərin boşaldılması ilə izah etdilər.
Ekspertlərin rəyinə görə, durğunluq avqustun sonlarına qədər davam edəcəkdi və həmin müddətdən etibarən müəyyən canlanma gözlənilirdi. Ancaq iyun ayından etibarən Bakıya kütləvi surətdə ərəb turistlərinin gəlməsi mənzil bazarında vaxtından əvvəl canlanmaya səbəb oldu. Otel qiymətləri ilə müqayisədə kirayə mənzillər nisbətən ucuzluğu ilə seçildiyinə görə turistlər arasında sutkalıq evlərə maraq göstərənlər çoxaldı. Bu isə mənzilini kirayə vermək istəyənlərin probleminin müvəqqəti də olsa, həllini tapmasını şərtləndirdi. Ancaq turizm mövsümünün tədricən başa çatması daimi gəliri təmin etmək üçün mənzil sahiblərinin üzünü yerlilərə tutmasına səbəb oldu. İndi isə ümid ancaq Bakıya bölgələrdən gələn tələbələrədir.
"Bu yay ən ağır yay oldu”
Mənzillərin alqı-satqısı və kirayəsi sahəsində 11 il iş təcrübəsinə malik olan Eldar Rzayev bildirir ki, bu il əvvəlki illərlə müqayisədə olduqca ağır keçib. Səbəb isə əhalinin gəlirlərinin azalması və kirayə, yaxud satılıq mənzillərin sahiblərinin müştəri sarıdan korluq çəkməsidir: "Biz satdığımız, yaxud da kirayə verilən mənzillərin hesabına yaşayırıq. Satılan və ya kirayə verilən mənzilin dəyəri artdıqca, bizim həmin müqavilədən aldığımız faizin həcmi azalır. Məsələn, 200 manatlıq mənzilin kirayəsi zamanı əgər tərəflərdən bir aylıq kirayənin 25 faizini alırıqsa, 300-dən yuxarı mənzillər üçün 25 faiz alırıq. Amma bütün yayı ev sahibləri də, biz də ancaq gözləməklə məşğul olduq. Müştəri demək olar ki, olmadı. Şəhərin mərkəzində işləyən vasitəçilərin problemi ərəb turistlər hesabına həll olundu. Ancaq ərəb turistlər də ümumi həyətlərdəki evlərlə qətiyyən maraqlanmırdı. Onları ya təhlükəsizliyi tam təmin edilən hündürmərtəbəli binalardakı mənzillər, ya da ayrıca həyəti olan evlər maraqlandırırdı. Mikrorayonlara, yaxud da Əhmədli, Suraxanı, Xəzər rayonları onları demək olar ki, cəlb etmirdi”.
20-30 manatlıq bahalaşma
Həmsöhbətimizin sözlərinə görə, ərəb turistlərindən sonra ümid tələbələrə bağlanıb ki, burda da avqustun 25-dən etibarən tələbat artıb: "Bu müddət də sentyabrın əsasən 10-a qədər davam edir. Yəni, 15 gün ərzində Bakının istənilən rayonunda vasitəçilərə müraciət artır. Birdən-birə Bakıya evə ehtiyacı olan on minlərlə tələbə gəlir. Amma öz təcrübəmdən deyə bilərəm ki, evlərin qiymətində cüzi artım müşahidə olunub. Əksər evlərdə isə heç bu artım da yoxdur. Səbəb isə ev sahibinin müştərini itirmək istəməməsidir. Artım isə əsasən kommunal xidmətlərin haqqının ev sahibi tərəfindən ödənildiyi, yaxud ödənişə limit tətbiq edilən mənzillərə aiddir. Həyət evlərində əvvəllər kommunal xidmət haqqı ev sahibi tərəfindən ödənilirdi. Ancaq işığın və suyun bahalaşmasından sonra əksər ev sahibləri bundan imtina edir. Yaxud da aylıq limit tətbiq edir və bu limitdən kənaraçıxma olarsa, o zaman qalan vəsait kirayənişin tərəfindən ödənilir. Buna uyğun olaraq da evlərin kirayə qiymətində 20-30 manatlıq bahalaşma olur”.
200 manata 1 otaqlı ümumi həyət evi
Mənzillərin kirayə qiymətinə gəlincə, əsas bahalaşma ali məktəblərin yerləşdiyi ərazilərə yaxın evlərdə, qeydə alınıb. Bura isə xüsusilə Elmlər Akademiyası, 28 May və Nizami metrostansiyasının ətrafı daxildir. Burada 1 otaqlı mənzillərin kirayə qiyməti həyət və bina evi olaraq dəyişir və 200 manatdan başlayır. Bu qiymətə əsasən ümumi həyətdə yerəşən 1 otaqlı evlər verilir. 2 otaqlı evlərdə isə qiymət 250 manatdan başlayır. Ancaq 2 otaqlı evdə əsasən 3 tələbənin qalması nəzərdə tutulur ki, bu zaman da kommunal xərclər daxil olmaqla hər bir tələbəyə 100 manat kirayə haqqı düşür.
2 otaqlı evdə 4 tələbə
Həmsöhbətimiz deyir ki, əvvəl mənzil sahibləri evin ancaq bir nəfərə kirayə verilməsini istəyirdilərsə, iqtisadi böhran onları bu fikirdən yayındırıb: "Bilirlər ki, bir nəfərin ayda 250 manat ev pulu ödəməyə imkanı yoxdur. Əgər evi tutsa da çox keçmədən pulu ödəməkdə problemlər başlayacaq. Oktyabrdan sonra isə bütün tələbələr yerləşir və kirayə evə adam tapmaq mümkün olmur. Çünki kirayə evi tez-tez dəyişmək istəmirlər. Buna görə də daha sonra ödəmə ilə bağlı problem yaşamamaq üçün valideynlər də, ev sahibləri də bir neçə nəfərin bir mənzildə yaşamasına üstünlük verir. 2 otaqlı evdə bəzən 4 tələbə yerləşir. Hər biri də 70 manatla aylıq kirayə və kommunal xidmət haqqını ödəyir. Həm valideynə çox yük düşmür, həm də ev sahibi bilir ki, bir neçə nəfərdən pulunu alacaq. Təbii ki, mənzil sahibləri evi ancaq bir nəfərə verməkdə maraqlıdırlar. Xüsusən, mənzili təmirli olanlar və ya qonşulardan hansısa narazılıq eşitmək istəməyənlər. Amma şəraiti nəzərə alıb güzəştə getmək məcburiyyətindədirlər”.
Qız və oğlanlar bir evdə qala bilər, amma 100 dollar artıq versə...
Bakıda evlərin hətta qız və oğlanlara birgə kirayə verilməsi hallarına da təsadüf edilir. Xarici ölkələrdə çox geniş yayılmış bu hala ancaq tələbələr xarici ölkə vətəndaşları olduqda "göz yumulur”. Səbəb isə onlardan daha yüksək kirayə haqqının alınmasıdır. Yəni, əcnəbi tələbələrlə yerli tələbələrdən alınan kirayə haqqı eyni olmadığına və əcnəbi tələbələr əsasən daha yaxşı şəraiti olan kirayə mənzillərə üstünlük verdiklərinə görə bir neçə tələbənin cins ayrılığı olmadan bir evdə məskunlaşması mümkün olur: "Mən də 3 tələbəyə belə ev vermişdim. 2-si Nigeriyadan idi. Birinin haradan olduğunu unutmuşam.
Ev sahibi ayda əlavə 100 dollara bu 3 nəfərin bir evdə yaşamasına razılaşdı. Neft Akademiyasında oxuyurdular və 2-si qız, biri oğlan idi. 3 ilə yaxın o evdə bərabər qaldılar, oğlanın sevgilisi də həmin evə gedib-gəlirdi. Heç bir problem də çıxmırdı. Tez-tez maraqlanırdım. Ev sahibi deyirdi ki, heç bir qonşu şikayət etmir. Çünki özlərini çox sakit, mədəni aparırdılar. Heç kim bilmirdi onlar bir-birlərinin nəyidir. Amma biz müqaviləni bağlayanda 3-ü də imzaladı və onda bildik ki, bir-birlərilə heç bir qohumluq münasibətləri yoxdur. Amma azərbaycanlılara qız-oğlan bir evin verilməsi çox nadir hallarda olur. Ev sahibləri buna razılaşmır”.
Cebhe.info