Kişinin "mamauşağı" olduğunu belə anlaya bilərsiniz - Xanımların NƏZƏRİNƏ!

El arasında "mamauşağı" termini olduqca geniş yayılıb. Müasir cəmiyyətdə kişilərin emosional vəziyyətləri və münasibətləri müxtəlif aspektlərdən tədqiq edilir. Ancaq bəzi cəmiyyətlərdə kişilərin hələ də analarının təsiri altına düşməsi, onların həyatda müstəqil davranma bacarıqlarının zəif olması kimi bir təəssürat yaradır. Bir çox qadın kişilərin analarına çox bağlılığını göz önünə alaraq, bu cür kişiləri “mamauşağı” adlandırır.
Bəs "mamauşağı" kişilər kimlərdir və onları necə tanıya bilərik?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, "mamauşağı" deyildikdə anasına həddindən artıq bağlı və müstəqillikdən qaçan kişilər təsvir edilir:
"Bu cür şəxslər, çox zaman analarının təsiri altında qalan, qərarlarını analarının fikirlərinə əsaslanaraq verən və hər hansı bir çətinlik qarşısında analarının köməyini gözləyən şəxslər olaraq tanınır. Onlar öz həyatlarındakı müxtəlif sahələrdə, xüsusən də şəxsi və peşə həyatında analarının rəhbərliyi altında hərəkət etməyə meyillidir. Bu hal bir sıra psixoloji amillərdən qaynaqlanır. Belə kişilər uşaqlıq dövründə analarının onlara göstərdiyi qeyri-şərtsiz sevgi və diqqətə alışmış olurlar. Bu şərait zamanla uşağın müstəqil qərar vermə qabiliyyətini zəiflədir və gələcəkdə həmin şəxs “ana təsiri” altında qalır. Çətinliklərlə qarşılaşdıqda şəxsi məsuliyyət daşımaqdan boyun qaçırırlar".
Ləman Məmmədova diqqətə çatdırıb ki, belə kişilər həm sosial, həm də peşə həyatlarında liderlik xüsusiyyətləri göstərə bilmirlər:
"Çünki onlara daim təlimat verən və onları idarə edən bir şəxs mövcuddur. Bu vəziyyət həm onların peşə həyatlarında inkişaf etməməsinə, həm də şəxsi münasibətlərində liderlik edə bilməmələrinə gətirib çıxara bilər".
Psixoloq qeyd edib ki, onlar analarından ayrılmaqda çətinlik çəkən və özlərini müstəqil şəkildə inkişaf etdirə bilməyən kişilərdir:
"Bu kişilər hətta yetkin yaşda belə həyatlarında ən böyük təsirə sahib şəxs olaraq ananı görürlər. Bu tip kişilər çox vaxt özlərini evlilikdə və ailə həyatında da müstəqil hiss etmirlər. Hətta bəzən həyat yoldaşlarından daha çox analarına bağlı olurlar. "Mamauşağı" kişi ilə evlənən qadın əvvəlcə öz sərhədlərini müəyyənləşdirməlidir. Həyat yoldaşının anası ilə əlaqələrini və davranışlarını tənzimləmək olduqca vacib şərtlərdən biridir. Bu kişilər analarının müdaxilələrini və iradələrini normal qəbul edirlər.İlk növbədə hər iki tərəf bir-birinin müstəqil şəxsiyyətinə hörmət etməlidir. Qadın bu vəziyyətə uyğunlaşmaqdansa, müsbət bir dəyişikliyi başlatmaq üçün aktiv rol almalıdır. Onun əsas məqsədi həm öz müstəqilliyini qorumaq, həm də həyat yoldaşına müstəqil düşünməyi öyrətmək olmalıdır.
Evli cütlük arasında münaqişələr olduqda, “mamauşağı kişi”lər çox vaxt öz analarına müraciət edirlər. Bu zaman qadın daha təmkinli olmalıdır. Münasibətdəki problemlərin yalnız özləri tərəfindən həll edilə biləcəyini həyat yoldaşına izah etməlidir. Bu, cütlüyün münasibətlərinin sağlam inkişafına kömək edəcək.Bu cür kişilərlə münasibət vaxt və səbir tələb edən bir prosesdir".
Ülkər Abdurahmanlı