İki generalın taladığı qurum nazirliyə birləşir? - Faktlar, rəqəmlər, ittihamlar...
02:24 / 12.01.2017
7866
İki generalın taladığı qurum nazirliyə birləşir? - Faktlar, rəqəmlər, ittihamlar...
Azərbaycanda struktur islahatları gündəmə gəlib. Hökumət açıq şəkildə bəyan edib ki, qənaət rejiminə keçid olunub
Bu da bir çox dövlət qurumlarının ləğvi ilə yanaşı təkrar strukturların birləşdirilməsini aktuallaşdırıb.
Adı korrupsiyaya bulaşmış və reputasiya yerlə bir olan daha bir dövlət qurumunun ona yaxın nazirliyə birləşdirilməsi real görünür.
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğvi gözlənilir. Bu struktura müxtəlif ittihamlar var. Xidmətin adı "niqodnıy bilet” alverindən tutmuş yeyintilərə qədər hallanır.
Son zamanlar Arzu Rəhimov və müavini Novruzəli Orucov haqda məlumatlar var. Ona görə də Xidmətin funksiyalarının Müdafiə Nazirliyinə veriləcəyi istisna edilmir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir.
Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdi.
Sfera.az Politika.Az-a istinadən xəbər verir ki, mətbuatda yer alan faktlara inansaq, 2016-cı il dövlət büdcəsində "Müdafiə”bölməsinin "Müdafiə Qüvvələri” köməkçi bölməsinin "Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.
Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda hansı maxinasiyalarla dövlət vəsaitinin mənimsənilməsinin açkar faktlarına toxunacayıq. İlk olaraq onu bildirək ki, əlimizdə olan sənəddə SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb.
Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib.
Məbləğ o qədər də böyük deyil, amma paradoksaldır. Çünki cumhuriyyet.az olaraq apardığımız araşdırma nəticəsində öyrəndik ki, artıq neçə ildir ki SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil.
Sfera.az Cumhuriyyet.net-ə istinadla xatırladır ki, bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Elə isə, büdcədən ayrılan 22 min 500 manat hara yönəldilir?
Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastikdir: 38 dəfə çox!!!
2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı.
Bu arada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovla bağlı afn.az-ın redaksiyasına ilginc məlumat daxil olub.
Bir qrup Qarabağa müharibəsi iştirakçısı adından yazıldığı bildirilən məktubda N.Orucovun öz keçmişi ilə bağlı məlumatları saxtalaşdırdığı qeyd edilir.
Onun tərcümeyi-halında göstərildiyi kimi döyüşlərdə iştirak etmədiyini iddia edən məktub müəllifləri bildirirlər ki, rəis müavini məlum olmayan səbəblərdən özünü keçmiş döyüşçü kimi qələmə verir:
"Nədənsə bunlarda belə təəssürat var ki, hərbi sistemdə işləyirsə mütləq müharibədə iştirak etdiyi görüntüsünü yaratmalıdırlar. Halbuki, istənilən vəzifədə təmsil olunmaq üçün döyüş təcrübəsi yox, bilik, savad, bacarıq lazımdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi sistemdir, lakin burada da N.Orucovun tutduğu vəzifəni tutmaq üçün döyüşçü olmaq vacib deyil.
Buna baxmayaraq, nədənsə adıçəkilən şəxs özünün haqqında məlumatları saxtalaşdıraraq guya Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirir. Halbuki, biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib.
Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.