İlham Əliyev Ərdoğana təşəkkür etdi


İlham Əliyev Ərdoğana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Əziz Qardaşım,

 

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.

 

28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

 

Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

 

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

 

Əziz Qardaşım,

 

Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.

 

Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

 

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...