"ASO-nun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ziddir" - ŞƏRH

"ASO-nun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ziddir" - ŞƏRH

Xəbər verdiyimiz kimi, Suriya Milli Ordusu terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatında Tel Rıfat rayonunun mərkəzini nəzarətə götürüb. Qeyd edək ki, Türkiyə sərhədinin 18 kilometrliyində olan Tel Rıfat 8 ildir, YPG/PKK terrorçuları tərəfindən işğal edilmişdi. Məlumata görə, Suriya ordusunun nəzarətində olan Hələb rejim əleyhdarı silahlı qrupların nəzarətinə keçəndən sonra Dəməşq, PKK/YPG-dən dəstək istəyib. Suriya rejimi Fəratın şərqində nəzarəti altında olan torpaqları PKK/YPG qüvvələrinə təhvil verməyə başlayıb, Fəratın şərqindən Hələb bölgəsinə çoxlu sayda PKK/YPG-li qüvvələr cəlb edilib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ciddi əngəl yaradır:

 

“İllərdir, gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir, PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın inaqurasiyasına dəvət edilməsi də bundan xəbər verir”.

 

Onun sözlərinə görə, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edirmiş kimi görünsə də, Türkiyənin rəsmi mövqeyi - “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsünü yaradır:

 

“İstisna deyil ki, diplomatik manevr olan belə mövqeyin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir, Ankara maksimum bundan yayınmağa çalışır”. 

 

A.Nərimanlı qeyd edib ki, HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir:

 

“Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.Bütövlükdə baxdıqda Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir”.


    
Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR