"Trampın bu açıqlaması BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edəcək" - ŞƏRH

"Trampın bu açıqlaması BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edəcək" - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən günlərdə ABŞ-nin yeni Prezidenti Donald Tramp BRICS ölkələrinə xəbərdarlıq edib. O bildirib ki, sözügedən ölkələr vahid valyuta və dollara alternativ olacaq pul vahidi yaratmaq fikrindən imtina etməlidir, əks halda, ABŞ ilə ticarətdə 100%-lik gömrük rüsumları ilə qarşılaşacaqlar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, Trampın səsləndirdiyi fikirlər tam mənasızdır:

 

“İlk baxışdan bu fikirlər ABŞ-nin qlobal iqtisadi təsirini qorumağa yönələn mövqeyi əks etdirsə də, əks effekti daha çox ola bilər. Bu, Trampın proteksionist siyasətinə və qlobal ticarətdə ABŞ-nin mövqeyini gücləndirmək məqsədinə uyğun olsa da, hazırda belə çıxışa ehtiyac yox idi. Çünki BRICS ölkələrinin maliyyə infrastrukturunun məhdudiyyətləri, qrup daxilindəki siyasi-iqtisadi fərqlər, münasibətlərdə olan gərginliklər onsuz da dolları əvəz edəcək valyuta ideyasının həyata keçirilməsinə imkan verə bilməz”.

 

Ekspert xatırladıb ki, hətta sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putin də bunu dolayı etiraf edib:

 

“Lakin belə bir vəziyyətdə Trampın sərt siyasi fikirləri bu istiqamətdə BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edə bilər. Digər bir tərəfdən, bunun Trampın dollara tam güvənə bilməməsinə bir işarə kimi qəbul olunması mümkündür. Bu isə ABŞ-nin iqtisadi münasibətlərini daha da mürəkkəbləşdirə və qlobal ticarətdə tarazlığı dəyişdirə bilər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR