Harris-Tramp DEBATI: Kim uduzdu, kim uddu? - AÇIQLAMA
Ötən gün Donald Tramp və Kamala Harris arasında ilk debat gerçəkləşib. Demokratlar və liberal media Harrisin çıxışından məmnun qalıb. “CNN”in sorğusuna əsasən, mükaliməni izləyənlərin 63%-i Harrisə, 37%-i Trampa üstünlük verib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Donald Tramp bu debatda nə udub, nə də uduzub:
“Tramp həminki Trampdır: aşağı səviyyəli söhbətlər, illərdir söylədiklərinin davamlı təkrarı, komplo teoriyaları - məsələn, Ohayoda miqrantların yerli sakinlərin it-pişiklərini kəsib yeməsi iddiası, xarici siyasət mövzularında primitiv fikirlər və sair. Bu mükalimədə həm demokratların, həm də respublikaçıların əsas diqqəti Trampdan çox, Harrisə yönəlmişdi. Respublikaçılar Harrisin çox zəif natiq olduğunu, prompter olmadan iki cümləni bir-birinin arxasınca qura bilmədiyini, bu səbəbdən canlı yayımda jurnalistlərə müsahibə verməkdən qaçdığını deyirdilər. Hər hansı köməkçi şəxs və vasitənin olmadığı 90 dəqiqəlik canlı müzakirədə onun darmadağın olacağına əmin idilər. Demokratlar arasında da müəyyən narahatlıqlar var idi”.
Siyasi şərhçi qeyd edib ki, Harris respublikaçıların gözləntilərinin və bəzi partiyadaşlarının narahatlıqlarının əksinə, yaxşı performans göstərdi və özünü inamlı apardı:
“Bunu bəzi “Fox TV” şərhçiləri də etiraf edir. “Kim uddu, kim uduzdu” şəklində kateqorik qiymətləndirmədənsə, əsas nəticənin məhz bu olduğunu söyləmək, məncə, daha doğru olar. Mükalimədən sonra ABŞ-də fenomen olan sənətçi Teylor Sviftin Kamala Harrisə dəstəyini elan etməsi gecənin demokratlar üçün major notda tamamlanmasını təmin edən başqa bir hadisə kimi yadda qaldı”.
Günay Rəsulqızı