Kral III Çarlzın gizli oğlu atalıq testi tələb edir - FOTO
Britaniya əsilli avstraliyalı mühəndis, 58 yaşlı Simon Çarlz Dorante-Day Kral III Çarlz və onun oğulları Şahzadə Uilyam və Şahzadə Harrinin iştirakı ilə “dörd tərəfli atalıq testi” tələb edib.
Sfera.az bildirir ki, Simon Çarlz Dorante-Day uzun illərdir Kral Çarlz və Kamillanın qeyri-qanuni övladı olduğunu iddia edir. Onun dediyinə görə, cütlüyün münasibəti hələ medianın bu barədə yazmağa başlamasından xeyli əvvələ aid olub.
Uzun illərdir ki, özünün Britaniya kralı və onun həyat yoldaşı Kraliça Kamillanın gizli oğlu olduğunu iddia edən şəxs bununla nəhayət, bütün dünyaya özünün haqlı olduğunu sübut etmək və mübahisəli məsələyə son qoymaq istəyir.
Qeyd edək ki, şəxs daha əvvəl iddia etmişdi ki, kraliça II Elizabetin işçisi olan və onu övladlığa götürən anası ölərkən ona Çarlz və Kamillanın oğlu olduğunu deyib.
Onun sözlərinə görə, övladlığa götürmə o, təxminən səkkiz aylıq olarkən, 1966-cı ildə Portsmutda baş tutub. O zaman Çarlzın 17, Kamilla isə ondan bir yaş böyük olub.
Bu DNT testi Simonun ilk tələbi olmasa da, əvvəllər bütün bu cür təkliflər kral ailəsinin səssizliyi ilə başa çatmışdı.
O, son “Facebook” paylaşımında Çarlza bənzədiyini sübut etmək üçün kralın, iki şahzadənin və özünün şəklini paylaşıb.
Haqlı olduğuna daha bir sübut kimi Simon başqa bir arqument verir.
"Təkcə uşaq vaxtı başıma gələnlər və İngiltərədə böyüyəndə yadımda qalanlar deyil, həm də Avstraliyada mənim, həyat yoldaşım və uşaqlarımın başıma gələnlər də bizim əsaslı arqumentimizdir. Bu gizli və qanunsuz hərəkətlər daim bizi hədəf alır. Bütün bunlar bizi bu yolda dayandırmaq cəhdindən başqa bir şey deyil”.
Dorante-Dayın sosial şəbəkədəki səhifəsinə 29 min nəfər abunəçisi var. Çoxları onun uzun illər həqiqətləri yazıb danışdığına inanır, lakin Simon bu günə qədər kral ailəsinin üzvlərinə xarici oxşarlıq istisna olmaqla, heç bir tutarlı sübut təqdim etməyib. Əvvəllər o, Şahzadə Diananın Çarlz və Kamillanın gizli övladından xəbər tutduğunu və bu məlumatı ictimaiyyətə açıqlamaq niyyətində olduğunu, lakin 1997-ci ildə vəfat etdiyi üçün vaxtının olmadığını da iddia edib.
Aynil
Sfera.az