Təhsil Tələbə Krediti Fondu – 3 il bir başlanğıcdır

Təhsil Tələbə Krediti Fondu – 3 il bir başlanğıcdır

Ölkə başçısının təhsilin inkişafına diqqət və qayğısının ən bariz nümunələrindən biri Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə “Təhsil Tələbə Krediti Fondu” yaradılıb. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

 

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib. Bu Qaydaya əsasən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən (TTK) yararlana bilirlər. 

 

TTKF-nin yaranmasından 3 il ötür. Məhz 3 il bundan əvvəl, ölkə başçısının Fərmanı ilə Fondun yaradılması tələbələrin və tələbə olmaq arzusunda olanların həyatında mühüm dönüş nöqtəsi olub. Məhz bu Fərmanla həm tələbələri, həm də onların valideynlərini qayğılandıran əsas məsələlərdən biri olan təhsil haqqı problemi böyük ölçüdə öz həllini tapıb. Bu qeyd olunanlar, əldə olunmuş nəticələrdə də öz əksini tapmaqdadır.

 

3 il ərzində Fonda məxsus elektron portala (e-ttkf.edu.az) 48 mindən çox kredit müraciəti daxil olub, bu müraciətlərdən 38 minə yaxını rəsmiləşdirilib. Yəni müraciət edənlərin 80%-i TTK ilə təmin olunub, başqa sözlə ifadə etsək, Fonda müraciət edən hər 10 nəfərdən 8-i təhsil tələbə kreditindən yararlanıb. Bununla da Fond, vətəndaşlarımız üçün təhsili daha da əlçatan etməyə, təhsilin əhatə dairəsini genişləndirməyə və təhsil almaqda bərabər imkanlar yaratmağa nail olub. 

 

Rəsmiləşdirilmiş müraciətlərin 34.2 faizi sosial TTK, 65.8 faizi isə standart TTK-nin payına düşür. Gender ilə bağlı bölgüyə baxsaq, rəsmiləşdirilmiş kreditlərin 40.6 %-i bəylərin, 59.4%-i isə xanımların payına düşür.

 

Qeyd edək ki, 2024–2025-ci tədris ilinin payız semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.
 


OXŞAR XƏBƏRLƏR