“Ukrayna Kurska ən güclü briqadalardan birini göndərib” - “Forbes”in ŞƏRHİ

“Ukrayna Kurska ən güclü briqadalardan birini göndərib” - “Forbes”in ŞƏRHİ

Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından biri olan 80-ci Hava Desant Hücum Briqadası Kursk vilayətindəki döyüşlərə qoşulub. 


Sfera.az xəbər verir ki, belə bir şərhi ABŞ-nin “Forbes” nəşri verib. 


Nəşr yazır ki, hücum zamanı həm sovet, həm də ABŞ istehsalı olan hərbi texnikalardan istifadə olunur. “Forbes”in ekspertlərinin şərhinə əsasən, texnikaların belə kombinasiyası yalnız 80-ci Hava Hücumu Briqadasında mövcuddur: “Ən yaxşı Ukrayna briqadalarından biri olan 80-ci Hava Hücumu briqadasının əməliyyata qoşulması Ukraynanın Kursk bölgəsini ələ keçirtmək əməliyyatının miqyasını göstərir. Ukraynayönlü qüvvələr bundan əvvəl də Rusiyanın cənubuna transsərhəd reydləri həyata keçirib. Lakin bu basqınlar kiçik miqyasda idi və heç vaxt bir neçə gündən çox davam etməmişdi. 


Ukraynanın hazırkı əməliyyatı digərlərindən fərqlidir. Bu əməliyyatda hər birində 2000-ə qədər əsgərdən ibarət olan ən azı üç briqada - 22-ci və 88-ci mexanikləşdirilmiş briqadalar və 80-ci Hava Hücumu briqadaları iştirak edir”. Əməliyyata cəlb edilən texnika və şəxsi heyətin sayını, əsgərlərin peşəkarlığını nəzərə alan “Forbes” hesab edir ki, Kurskda baş verənlər basqın deyil, bu, ərazilərin nəzarətə götürülməsi əməliyyatıdır. 


Bəs bu əməliyyatda Ukrayna uğur qazana biləcəkmi? 


“Forbes” vurğulayır ki, ukraynalıların bu əməliyyata əhəmiyyətli resurslar cəlb etməsi onun uğuruna zəmanət vermir: “Çünki onun qarşısında Rusiyanın Şimal Qüvvələr Qrupu dayanıb və bu qrupda 48 min əsgər var. Ukraynalılar isə ən yaxşı halda 10 min əsgərlə irəliləyirlər. Lakin Rusiyanın Şimal qruplaşmasının şəxsi heyətinin çox hissəsi hazırda Ukrayna cəbhəsinə cəlb edilib və Xarkov vilayətinin bir hissəsi Rusiyanın nəzarətinə keçib. İndi Kursk istiqamətində rusların hərbi qüvvəsi azdır. Ukrayna briqadaları məhz Şimal qoşun qrupunun ən az əsgərinin olduğu yerdə sərhədi keçib. 


Şimal Qüvvələr Qrupunun əsgərlərinin çox hissəsi əməliyyat ərazisindən 150 km aralıda yerləşən Ukrayna cəbhəsindədir. Əgər ruslar bu qüvvələri sürətlə Kurska yönəldə bilsələr, ukraynalıların qarşısını ala bilərlər. Əks təqdirdə Rusiyanın Kursk bölgəsinin böyük hissəsini itirmə ehtimalı var”. 


Xatırladaq ki, avqustun 6-da Ukrayna hərbçiləri Rusiya sərhədini Kursk vilayəti istiqamətində pozaraq ölkənin içərilərinə doğru irəliləyiblər. Rusiya mediasının xəbərinə görə indi Rusiya itirilən torpaqları geri qaytarmaq üçün Xarkov istiqamətinə cəlb etdiyi hərbçiləri Kurska yönəldə bilər. Bu halda Ukraynanın Xarkovda itirdiyi torpaqları geri alma ehtimalı var. Bu baxımdan ekspertlər Kursk əməliyyatını Xarkov vilayətində itirilən torpaqların geri alınmasına cəhd əməliyyatı kimi də şərh edirlər. 


Vasif


OXŞAR XƏBƏRLƏR