“İmtahanlar bu qaydada keçirilməlidir” – Ekspertdən TƏKLİF
Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.
“Lakin müasir dövrün tələbləri ölkəmizdə 32 ildir tətbiq edilən formatın dəyişməsini zəruri edir. Təsəvvür edin ki, mart ayında imtahan verən şagird, azı 6 ay sonra, avqusun sonunda ancaq tələbə olub-olmadığını bilir. Hesab edirəm ki, Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir. Qəbul imtahanlarının formatının dəyişdirilməsi təhsil sisteminin inkişafı və tələbələrin daha ədalətli qiymətləndirilməsi üçün vacibdir. Məhz bu baxımdan imtahanlar iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də kritik düşünmə, problem həll etmə və analitik bacarıqlarını yoxlamalıdır. Bu, tələbələrin gələcəkdə daha uğurlu olmasına kömək edə bilər. İmtahan formatına layihə əsaslı tapşırıqlar, yazılı esse və müzakirə sualları daxil edilməlidir. Bu, tələbələrin praktiki bilik və bacarıqlarını yoxlamağa imkan verər. Onlayn imtahanlar və interaktiv testlər imtahan prosesini daha çevik və əlçatan edə bilər. Bu həm də tələbələrin texnologiya bacarıqlarını inkişaf etdirməyə kömək edər. Tələbələrin yalnız bir imtahanla qiymətləndirilməsi yerinə, il boyu davam edən qiymətləndirmələr, portfoliolar və müəllim rəyləri də nəzərə alınmalıdır. Bu, tələbələrin ümumi inkişafını daha ədalətli şəkildə əks etdirə bilər”.
Ekspert qeyd edib ki, müəllimlərin yeni imtahan formatlarına uyğun olaraq təlim keçmələri vacibdir.
“Onlar tələbələri bu yeni formatlara hazırlamaq üçün lazım olan bilik və bacarıqlara sahib olmalıdırlar. Tələbələrin imtahan stressini azaltmaq üçün dəstək proqramları və psixoloji xidmətlərin də təmin edilməsi olduqca vacibdir. İmtahanlar tələbələrin psixoloji sağlamlığına mənfi təsir etməməlidir. Bu təkliflər Azərbaycanda qəbul imtahanlarının formatının dəyişdirilməsi və təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün bir başlanğıc nöqtəsi ola bilər. Hazırkı imtahanlar iştirakçılarda ciddi stress yaradır, bəzən isə həyatları üçün təhlükəyə çevrilir”.
Ülkər Abdurahmanlı