Seçkilərlə əlaqədar kitabça hazırlandı
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Sfera.az-a bildiriblər ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması, səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurların aydın, müfəssəl və əhatəli izahı verilib.
Seçki Məcəlləsinin müddəaları, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.
“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.