TDT üçün tarixi mərhələ başlayır: Ortaq ordu yaradıla bilər

Şimali Kipr Türk Cümhuriyyəti ( ŞKTC) parlamentinin sədri Zorlu Töre deyib ki, Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır. O bildirib ki, bu təşəbbüsün gerçəkləşməsinə ciddi ehtiyac var:
“Azərbaycan Ordusu Qarabağda düşməni diz çökdürdü. Birləşsək, kimsə qarşımızda dayana bilməz”.
Z.Törenin fikrincə, Kipr yunanları ilə türklərin bir federasiya daxilində birləşmələri mümkün deyil: “Necə ki, bu, Türkiyə və Yunanıstan, Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna üçün də mümkün deyil. Biz iki fərqli dövlət olaraq öz gələcəyimizi qurmağa məcburuq”.
Parlament sədrinin sözlərinə görə, yaxın vaxtlarda daha iki ölkə Şimali Kiprin müstəqilliyini tanıyacaq.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, parlament sədrinin çıxışında diqqət çəkən iki məqam var:
“Bunlardan biri müştərək hərbi saziş, digəri isə Şimali Kiprin daha çox ölkə tərəfindən tanınması ilə bağlıdır”.
K.Novruzov qeyd edib ki, TDT ölkələri arasında əməkdaşlıq günü- gündən güclənir:
“Xüsusilə Azərbaycan və Türkiyənin səyləri nəticəsində müxtəlif sahələrdə üzv dövlətlər arasında inteqrasiya prosesi güclənir”.
Onun sözlərinə görə, TDT perspektivdə NATO- ya bərabər bir təşkilata çevrilə bilər:
“Bu, üzv dövlətlərin hər birinin maraqlarına uyğundur. Əslində, üzv dövlətlərin NATO-ya bərabər bir təşkilat yaratması yeni geosiyasi reallıqların tələbidir. Birincisi, ona görə ki, artıq dünyada türk əsri başlayıb. Bunu Qərbdə də başa düşürlər. İkincisi, bu, Cənubi Qafqazın, Mərkəzi Asiyanın təhlükəsizliyinin təmin olunması deməkdir. Üçüncüsü, NATO daxilində ziddiyətlər getdikcə artır. Bu, özünü Alyans müttəfiqləri olan ABŞ ilə Türkiyə, Fransa ilə Türkiyə arasındakı gərginliklərdə də göstərir. Əvvəl də dediyimiz kimi, rəsmi Ankaranın gələcəkdə NATO-dan çıxması və beləliklə perspektivdə NATO-nun parçalanması mümkündür. Belə bir şəraitdə yeni təhlükəsizlik Alyansına ehtiyac ola bilər”.
Siyasi şərhçi bildirib ki, TDT-yə üzv dövlətlər arasında bütün sahələr arasında əməkdaşlığın güclənməsi onu deməyə əsas verir ki, Zorla Törenin təklif etdiyi kimi müştərək hərbi sazişin imzalanması da mümkündür:
“Belə bir saziş üzv dövlətlərin hər birini kənar təhdidlərə qarşı daha inamlı edəcək. Həmçinin bundan sonra TDT ölkələrinə kənardan gözlənilən təhlükələr də azalacaq”.
K.Novruzov qeyd edib ki, proses Şimali Kiprin müstəqilliyinin daha çox ölkə tərəfindən tanınmasına doğru gedir:
“Bu gün TDT daxilində Şimali Kiprə çox ciddi dəstək verilir. TDT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının Şuşada keçirilən qeyri-rəsmi sammitində Şimali Kiprin də iştirakı ciddi adım idi. Bu, Şimali Kiprin gələcəkdə daha çox ölkə tərəfindən tanınmasına ciddi töhfə idi. Əlbəttə, Şimali Kiprin dünyada daha çox tanınması TDT üçün də böyük üstünlük olacaq. Bu, TDT-ni daha da gücləndirəcək”.
Firuzə Əliyeva