Kəşmirdə vəziyyət gərginləşir - Daha 4 əsgər öldürüldü

Hindistanın idarə etdiyi Cammu Kəşmir adlanan regionda biri kapitan olmaqla 4 Hindistan hərbçisi öldürülüb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən ərazidə yerli əhali ilə Hindistanın təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Silahlı qarşıdurmaya çevrilən toqquşma nəticəsində Hindistan 4 hərbçisini itirib.
Hindistan tərəfinin iddisına görə, iyulun 9-da Cammu Kəşmirin Katua bölgəsində Hindistan əsgərlərini daşıyan maşına yerli silahlı qruplaşmalar tərəfindən qumbaraatan və avtomatlarla hücum edilib. Hücum nəticədə 5 Hindistan əsgəri, 6 nəfər silahlı müqavimətçi həlak olub. Hindistan bundan sonra əraziyə nəzarəti tam təmin etmək üçün əlavə hərbi qüvvə cəlb edib. Növbəti qarşıdurma da bundan sonra baş verib.
Kəşmir problemi 75 ildən çoxdur ki, regionda çoxlu sayda silahlı qarşıdurmaya səbəb olub. İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkilən zaman həmin dövrdə knyazlıq olan Kəşmirə yeni müstəqillik qazanmış Hindistan və ya Pakistana birləşmək üçün seçim hüququ verildi. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşməyə tərəfdar olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verdi. Kəşmirin müsəlman xalqı bu qərara qarşı çıxıb və bu səbəbdən indiyə qədər bir neçə dəfə qarşıdurma yaranıb.
Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. Eyni səbəbdən 1965 və 1999-cu illərdə iki ölkə arasında müharibə baş verdi. Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın idarəçiliyində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verilib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qərarlarla Kəşmirin demilitarizasiyasını və gələcəyini referendumla müəyyən etməyi nəzərdə tutur. Hindistan administrasiyası referenduma qarşı olsa da, Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini istəyir. Hindistan 5 avqust 2019-cu ildə Cammu Kəşmirin xüsusi statusunu ləğv edib və bölgəni birbaşa mərkəzi hökumətin tabeliyində olan iki əraziyə - "Cammu Kəşmir" və "Ladax"a ərazilərinə bölüb.
Pakistan isə həmçinin Kəşmirə "Azad Kəşmir (Müstəqil Kəşmir)" və "Gilgit Baltistan" kimi iki muxtar bölgə statusu verib.
Vasif