Macarıstan Avropada sıxışdırılır - Ölkənin səsvermə hüququ geri alınır?

Macarıstan Avropada sıxışdırılır - Ölkənin səsvermə hüququ geri alınır?

Avropa Parlamentinin (AP) 63 üzvü Macarıstanın Avropa İttifaqında (Aİ) səsvermə hüququnun geri alınmasını tələb edən müraciəti imzalayıb. Buna səbəb Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə ittifaq ölkələrinin razılığı olmadan səfər etməsidir.

 

Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Avropa Xalq Partiyasının (EPP) Estoniya millət vəkili Riho Terras sosial media hesabında 62 deputatla birlikdə Macarıstanın Aİ-də səsvermə hüququnun əlindən alınmasını tələb edən məktub imzaladığını açıqlayıb.

 

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Çarlz Mişel və Avropa Parlamentinin (AP) sədri Roberta Metsolaya ünvanlanan məktubda Orbanın Macarıstanın Aİ-nin müddətli sədrliyi rolundan sui-istifadə edərək ittifaqa ciddi ziyan vurduğu iddia olunub.

 

Millət vəkilləri Orbanın Rusiya və Çinə səfərləri zamanı "öz səlahiyyətlərini qəsdən yanlış təqdim etdiyini" iddia edərək, AP-ni məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

 

Qeyd edək ki, Macarıstan və Aİ arasında Ukrayna-Rusiya müharibəsi, Ukraynaya hərbi və maliyyə dəstəyi, Ukraynanın Aİ-yə üzvlük danışıqları kimi məsələlərdə fikir ayrılıqları var. Müharibə ilə bağlı Aİ-dən fərqli siyasət yürütən Orban tez-tez “Rusiyayönlü” olmaqda ittiham edilsə də, Macarıstan lideri bu iddiaları rədd edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR