"6 min manat paket alırdım"


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edəcək.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təyin edildiyi vaxtdan 1 saat yarım sonra başladı. Adəti üzrə məhkəmə zalında ilk olaraq Vidadi Zeynalov, arxasınca Beytulla Hüseynov və Məhəmməd Məmmədov gətirildi. Əvvəlki proseslərdən fərqli olaraq Vidadi Zeynalov bu dəfə Məhəmməd Məmmədov və Beytulla Hüseynovun yanında əyləşdi.
 
Bundan sonra digər təqsirləndirilən şəxslər də məhkəmə zalına daxil oldu.
 
Hakim Əfqan Hacıyev Vidadi Zeynalova sərbəst ifadə verməsi ilə bağlı təkilf etsə də, Vidadi Zeynalov ittiham aktını oxuyub başa çatdırmadığını və vaxt istədiyini bildirib.
 
Prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev iş üzrə təqsirləndirilən şəxslərə 153 milyon 346 min manatlıq mülki iddia qaldırdıqlarını və bunun bütün təqsirləndirilənlərdən alınaraq zərərin ödənilməsi istəyib. 
 
Prosesdə şahidlərin dindirilməsinə başlanıb.
 
Şahid qismində  ilk olaraq həbsdə olan MTN generalı Sübahir Qurbanovun sürücüsü olmuş Ramin Əliyev ifadə verib. O, ifadəsində təqsirləndiriləndən yalnız Vidadi Zeynalovu tanıdığını deyib: "Hər ay Sübahir müəllimin tapşırığı ilə Vidadi Zeynalovun yanına gələrək bağlama götürmüşəm. Həmin bağlamanı da Sübahir müəllimə təqdim etmişəm. Bağlamanın içində nə olduğundan xəbər olmayıb".
 
Vidadi Zeynalov ifadəni təsdiqləyib.
 
Bundan sonra şahid qismində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Plan Maliyyə şöbəsinin əməkdaşı Rəqifə Abbasova ifadə verib.
 
O, ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır: "İstintaq dövründə sıravi işçi olduğumu dedim. Nazirlikdə paket aldığımı dedilər. Təsdiqlədim. Əvvəllər 900 manat paket alırdım, sonradan 200 manat da artırıldı və 1100 manat oldu. Əli Abbasov nazir olandan sonra maaşlarımız qalxıb. Əvvəllər lap az pul alırdıq".
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Plan-Maliyyə şöbəsinin rəhbəri olmuş Mətanət Məmmədova ifadə verib.
 
O, ifadəsində təqsirləndirilənlərin hamısını tanıdığını və istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib: "Əli Abbasov gələnə qədər aylıq 400-500 manat maaş alırdım. Ondan sonra əvvəl 2300 manat, sonradan 6000 manat paket almağa başladım. Devalivasiyadan sonra isə paketim 4200 manata salındı. Paketləri Vidadi Zeynalovdan alırdıq. Şöbənin də pullarını mənə verirdi və mən paylayırdım".
 
Şahid qismində dindirilən Abbas Əhmədov təqsirləndirilən şəxslərin hamısını tanıdığını deyib: "İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki şöbənin müdiri olmuşam. Heç vaxt paket almamışam".
 
Beytulla Hüseynovun rəhbəri olduğu qurumda çalışmış Əli Zeynalov ifadə verib. O, ifadəsində təqsirləndirilənlərin hamısını tanıdığını və heç kimlə qohumluq əlaqəsi olmadığını bildirib: "Layihə-smeta hazırlaması ilə məşğul olmuşuq. İşlər 1991-ci ilin bazis qiymətləri ilə hesablanırdı. Sonradan nazirliyin mütəxəssisləri tərəfindən qiymətlərdə uyğunlaşma aparılırdı, o vaxt nazir Nadir Əhmədov tərəfindən təsdiqləndi. Biz də onun təsdiqlədiyi qiymətlər əsasında çalışmışıq".
 
Proses dekabrın 16-da davam edəcək.
 
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR