"Ermənistanın Rusiyadan uzaqlaşaraq tamamilə Qərbin ağuşuna atılması regiona..." - AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında sülhə yaxınlaşma tendensiyası artır. Lakin bununla paralel problemli məsələlərin miqyası üzrə də yeni fikirlər ortaya çıxır.
Maraqlıdır, iki ölkə arasında sülh sazişinin imzalanmasına nə mane olur?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ermənistan sülh gündəliyini Rusiya və Qərb arasındakı rəqabət üçün səhnə etməyə çalışır.
Onun sözlərinə görə, Azərbaycan isə bu təhlükəli tendensiyanı zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şərtlər irəli sürür:
“Azərbaycan tərəfindən Ermənistanda Konstitusiyanın dəyişdirilməsi tələbinin qaldırılması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır. Ermənistan güc qarşıdurmasının ürəyi olaraq qalmaq istədikcə, Azərbaycanın da belə preventiv və daha iddialı tezislər irəli sürəcəyi gözləniləndir. Bu, Azərbaycanın strateji cəhətdən müdafiə immunitetidir və perspektiv üçün sülh və təhlükəsizlik modelini əhatə edən yanaşmasının ifadəsidir. Bunlara baxmayaraq, Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib. Müsbət impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlərin delimitasiyası sülhə olan ümidləri artırır”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan təkcə Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mühüm geosiyasi dəyişikliyin açarı üzərində işləyir:
“Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağuşuna sığınmaq barədə düşünməsi regiona müdaxilə təhlükələrini də artırır. Azərbaycan bu müdaxilələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir. Ancaq qırmızı xəttinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini də diqqətdə saxlayacaq”.
Günay