Türk ölkələri Şuşadan dünyaya mühüm mesaj VERƏCƏKLƏR

Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra ilk dəfə Türk Dövlətləri Təşkilatı Azərbaycanda toplanacaq.
Sfera.az xəbər verir ki, iyulun 5-6-da keçiriləcək liderlərin qeyri-rəsmi sammitində nəqliyyatdan tutmuş enerjiyə qədər bir çox məsələlər müzakirə olunacaq.
Belə ki, sammit Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilir. Ekspertlərin fikrincə, türk ölkələri Şuşadan dünyaya çox mühüm mesaj verir.
Sammit ölkələr arasında əməkdaşlığı artırmaq və gələcəyə ümumi baxışı gücləndirmək məqsədi daşıyır.
İyulun 6-da Prezident İlham Əliyevin ev sahibliyi edəcəyi sammitdə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edəcək. Eyni zamanda, zirvələr görüşündə Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri, müşahidəçi ölkələrin rəhbərləri də iştirak edəcəklər. Sammitə həmçinin TDT müşahidəçilərinin rəhbərləri və TDT-nin Baş katibi də qatılacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milliyə dəstək olmaq məqsədilə iyulun 6-da Almaniyaya gedəcək. Buna görə də o, Şuşa sammitinə qatıla bilməyəcək.
Firuzə Əliyeva