Dağıstanda niqab taxmaq qadağan ediləcək - SƏBƏB

Bir neçə gündür, Dağıstanda niqab taxmağın qadağan edilməsi müzakirə edilir. Dağıstan Müftiliyi respublika ərazisində müvəqqəti olaraq niqab taxılmasını qadağan edən qərarı qəbul edib. Bildirilib ki, qadağa müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq. İyulun 4-də Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi də respublikada niqab taxmağa qadağa tətbiq etmək qərarına gəlib. Sözügedən proseslər Rusiyada da eyni addımın atılacağı istiqamətində söz-söhbət yaradıb.
Sfera.az bildirir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RBC”ya açıqlama verib. O qeyd edib ki, Kreml niqab taxmağın qadağan edilməsi ilə bağlı müzakirələrdə iştirak etmir.
Bundan əvvəl Dağıstanın rəhbəri Sergey Melikov niqab taxmağın əleyhinə çıxış edib və qeyd edib ki, bu geyim Qafqaz xalqlarına xas deyil. O, öz münasibətini xüsusilə təhlükəsizlik səbəbi ilə izah edib.
“Çünki bu cür geyim kişilərin bu şərflərin arxasında gizlənməsini, qadınların isə bu geniş paltarların arxasında qadağan olunmuş əşyaları daşımasını mümkün edir”, - o bildirib.
Günay