Nazirlikdən memarlıq abidələrində aparılan təmir-bərpa işləri ilə bağlı AÇIQLAMA - FOTO

Nazirlikdən memarlıq abidələrində aparılan təmir-bərpa işləri ilə bağlı AÇIQLAMA - FOTO

Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq əsasən bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işlərinə başlanılması ilə əlaqəlidir.

 

Bununla bağlı Mədəniyyət Nazirliyindən Sfera.az-a bildirilib ki, buna səbəb COP29 ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir:

 

““Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirilir, görülən işlər nəzarətdə saxlanılır”.

 

Qurumdan qeyd olunub ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb:

 

“Qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verdi. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarıb ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

 

Nazirlik vurğulayıb ki, qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur:

 

“Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş daş fasadlar təzyiq altında su ilə təmizlənir. Lakin əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR