Azərbaycanda bu xərclər ilk dəfə 1000 manatı ÖTDÜ

Azərbaycan əhalisinin ödənişli xidmətlərə xərclədiyi pulun adambaşına məbləği ilk dəfə olaraq 1000 manatı ötüb.
Sfera.az xəbər verir ki, ödənişli xidmətlər üzrə 2023-cü ildə adambaşına düşən illik xərclər 1 124 manata yüksəlib. 2022-ci ildə adambaşına düşən ödənişli xərclərin məbləği 920 manat idi və bir ildə bu növ xərclər 204 manat artıb.
Ödənişli xərclər dedikdə ictimai iaşə xidmətləri nəzərə alınmadan bütün növ pullu xidmətlər nəzərdə tutulur. Azərbaycanda ödənişli xidmətlərin həcmi ərzaq və qeyri-ərzaq xərcləri ilə müqayisədə azdır. Buna baxmayaraq son illərdə bu xərclərdə də ciddi artım var.
Ölkəmizdə ödənişli xidmətlərə adambaşına ən çox pulu Naftalan şəhərinin sakinləri ödəyir. Şəhər sakinləri ildə xidmətlərə adambaşına 3 600 manat xərcləyib. Son bir ildə şəhərdə adambaşına xidmətlərə çəkilən xərclər 1000 manatdan çox artıb.
Adambaşına xərclərin yüksək olduğu digər şəhər Bakıdır. Paytaxtda adambaşına düşən xərclər 2 900 manata çatıb. Bir ildə Bakı sakinlərinin adambaşına xidmətlərə çəkdiyi xərc 600 manatdan çox artıb.
Xidmətlərin adambaşına düşən məbləğinə görə üçüncü sırada Gəncə şəhər sakinləri dayanır. Gəncəlilər ildə adambaşına 1 260 min manat xərcləyib.
Adıçəkilən şəhərlərdən başqa digər şəhər və rayonlardan heç birində ödənişli xidmətlərə illik 1000 manatdan çox pul xərclənmir.
Ümumilikdə isə ödənişli xidmətlərə çəkilən xərcin çox hissəsi Bakının payına düşür. Azərbaycanda ödənişli xidmətlərə 11,4 milyard manat xərclənib ki, bunun da 7,35 milyard manatı, yəni 64,4 faizi Bakıdakı xərclərdən ibarət olub.
Vasif