"Ermənistan ordusunun Baş Qərargahı Paşinyanın sülh planına..." - Təxribatların SƏBƏBİ AÇIQLANDI

Xəbər verdiyimiz kimi, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması hökumətin sülh planına qarşıdır.
“Ötən gün Baş nazir Nikol Paşinyan sülh mətninin hazır olduğunu və bir ay ərzində sazişin bağlana biləcəyini qeyd etdi. Sabahı gün isə Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlara əl atdı. Görünür, Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var. Baş nazir orduda revanşist qurupu zərərsizləşdirə bilmir. Ümumiyyətlə, 30 ildir ki, Ermənistan ordusunda generalitet Rusiya Hərbi Kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqələr siyasətini dəstəkləmir”. - Əsədullazadə qeyd edib.
Politoloq bildirib ki, Paşinyan həm kilsə, həm də orduda təmizlik aparmasa, bu qüvvələr birləşib Ermənistanda təxribatlara əl atacaqlar:
“Onlar Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar. ABŞ Ermənistanda gedən prosesləri görür. Ona görə də hər həftə rəsmilər İrəvana səfər edir. Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir və Paşinyanın təhlükəsizliyi tam təmin ediləcəksə, sülhə imza atacaq”.
Günay Rəsulqızı