Bakıda lift qəzalarının sayı getdikcə ARTIR: Niyə heç bir tədbir görülmür? - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Bakıda lift qəzalarının sayı getdikcə ARTIR: Niyə heç bir tədbir görülmür? - Mütəxəssisdən XƏBƏRDARLIQ!

“Şərur MTK”ya məxsus olan daha bir çoxmərtəbəli binada liftin qırılması faktı qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən yaşayış kompleksində lift qırılıb və bunun nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılsa da bir nəfərin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisə baş verən bina “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus olan “Şərur MTK”ya tikinti şirkəti tərəfindən inşa olunub.

 

Bina “Şərur MTK” tərəfindən inşa edilməklə bərabər, hazırda həmin şirkət tərəfindən də idarə olunur. Sakinlərin bildirdiyinə görə binada liftlərin nasaz vəziyyətdə olması, tez-tez sıradan çıxması faktları ilə qarşılaşıblar. Buna baxmayaraq binanı idarə edən şirkət liftlərdə əsaslı təmir işləri aparmayıb, yalnız cari təmirlə kifayətlənib.

 

 

“Şərur” MTK-nın inşa və idarə etdiyi çoxmərtəbəli binalarda oxşar hallara daim rast gəlinir. Son bir ildə buna bənzər bir neçə hal baş verib.

 

2023-cü ildə Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binada içində sakinlərin də olduğu qəzalı lift 9-cu mərtəbədən boşluğa düşüb. Həmin hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Daha bir hadisə Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında baş verib.

 

2024-cü ildə də oxşar hadisə yaşanıb. Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında yerləşən binanın lifti 6-cı mərtəbədə qırılaraq boşluğa düşüb. Bu hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

 

 

“Şərur” MTK-nın inşa etdiyi binalardan mənzil alan şəxslərin liftlərlə bağlı ən çox şikayət etdiyi məsələlərdən biri quraşdırılan liftlərin ucuz, aşağı keyfiyyətli olmasıdır. Hətta sovet dövründə “İrəvan SSR” lift zavodu tərəfindən istehsal edilən köhnə liftlərin əsaslı təmir aparılaraq yeni binalarda quraşdırıldığına dair iddialar da var.

 

“Şərur” MTK binalara köhnə liftlər quraşdırmaqla yanaşı, həmin liftlərə vaxtlı-vaxtında təmir xidmətini təşkil etmir. Bu binalarda liftlərin işləməməsi, günlərlə sakinlərə xidmət etməməsinə dair çoxlu şikayətlər var.

 

Bu vəziyyətin yaranmasında aidiyyəti dövlət qurumu olan Fövqəladə Hallar Nazirliyi (FHN) də məsuliyyət daşıyır.

 

 

İstənilən bina, o cümlədən çoxmənzilli yaşayış binası istismara verilən zaman onun texniki qurğularının istismara yararlılıq vəziyyəti, standartlara uyğunluğu FHN tərəfindən yoxlanılaraq qəbul edilir. Daha sonra isə istismar müddətində qurğuların vəziyyəti, istismar vəziyyətinə nəzarət nazirlik tərəfindən müntəzəm şəkildə həyata keçirilməlidir.

 

Liftlərin qırılması və digər bu kimi hallarla bağlı FHN-dən mediaya verilən açıqlamada bildirilib ki, bina istismara veriləndə yoxlama kitabında qeyd aparılır. Amma binalarda sonrakı yoxlamalar yalnız tikinti şirkətinin, binanı idarə edən qurumun müraciəti əsasında aparıla bilər.

 

Bəs çoxmərtəbəli binalarda liftlərin quraşdırılması və təmiri məsələləri necə tənzimlənməlidir?

 

Azərbaycanda qanunvericiliyə əsasən, liftlərlə bağlı məsələ dövlət fondundan olan binalar və Mənzil Tikinti Kooperativi (MTK), yaxud Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) tərəfindən tikilən binalara uyğun tənzimlənir. Əgər bina dövlət yaşayış fonduna aiddirsə, o halda, liftin alınıb quraşdırılması, ona sonrakı texniki xidmət və təmir işlərini şəhər və ya rayon icra hakimiyyətinin tabeliyində olan qurum tərəfindən həyata keçirilir. Bakıda bununla bağlı şəhər icra hakimiyyətinin tabeliyində “Lifttəmir” İstehsalat Birliyi yaradılıb.

 

 

MTK və ya MMC tərəfindən tikilən binalarda isə mənzillərin hamısı satıldıqdan sonra idarəetməni bina sakinləri tərəfindən yaradılan Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyəti (MMMC) həyata keçirməlidir. Bina tikən şirkətlər həmin binanın idarə edilməsindən imtina etməlidir və MMMC tender əsasında liftlərə texniki xidmət göstərəcək təşkilat seçməli və həmin təşkilatla müqavilə bağlamalıdır. Lakin təcrübə göstərir ki, bina tikən əksər MTK və ya MMC binanı sakinlərə təhvil vermək istəmir, idarəetməni özləri həyata keçirməkdə maraqlı olur. Buna görə də liftlərə servis xidməti göstərən şirkətlə müqavilə bağlamaq məsuliyyəti məhz MTK və ya MMC-lərin üzərinə düşür.

 

 

Liftlərə xidmət göstərilməsi MTK-lar üçün böyük xərc yaratmır. Bakıda lift satışı və liftlərə texniki xidmət göstərən şirkətlərdən birinin məlumatına əsasən, uzunmüddətli müqavilə bağlandıqda liftlərə xidmət, onlara texniki baxışı həyata keçirmək üçün ayda hər liftə görə cəmi 20-30 manat xidmət haqqı alınır. Bu məbləğə texniki müayinə və çatışmazlıqların aşkarlanması ilə bağlı xidmət haqqı daxildir. Müayinə zamanı təmirə ehtiyac olduğu aşkarlanarsa, əlavə xərclər idarəetməni həyata keçirən MTK-lar tərəfindən ödənilməlidir.

 

 

Təcrübə göstərir ki, əksər hallarda liftə texniki baxış həyata keçirən şirkətlər təmir qrafikini müəyyən etsə də MTK-lar təmiri gecikdirir və ya bəzi təmir işlərini təxirə salır. Bu cür hərəkətləri “Şərur” MTK davranışlarında daha tez-tez görünür və buna görə də “Şərur” tərəfindən idarə olunan binalarda liftlərin qırılması, istifadəyə yararsız vəziyyətə düşməsi hallarında daha çox rast gəlinir.

 

Liftlərdən düzgün istifadə edilərsə, onlar 25-35 il istismar oluna bilər. İstismar müddəti liftin keyfiyyətindən və istifadə qaydalarına əməl edilməsindən asılıdır.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev saytımıza açıqlamasında qeyd etdi ki, liftlərə texniki qulluq və istismar qaydalarına əməl edilməsi olduqca vacib məsələdir. Ekspert bunu zəruri edən səbəbin liftlərin təhlükə potensiallı obyektlərdən biri olması ilə əlaqələndirdi:

 

“Lift qəza riski yüksək olan texniki vasitələrdən biridir. Buna görə də liftlərin istismarı zamanı təhlükəsizlik məsələsi ön planda olmalıdır. Liftin istismarına cavabdeh şəxs olmalıdır və liftdə təmir işinin aparılması, nasaslığın aradan qaldırılması qeydiyyatdan keçmiş, ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Peşəkar olmayan, bu sahədə ixtisaslaşmayan şəxslər tərəfindən liftdə təmir işlərinin aparılmasına yol verilməməlidir. Adətən liftin əyləc sistemində, yük daşıyan kabellərdə (“tros”), elektrik sistemində nasazlıq olduqda, istismar müddətini başa vuran liftdən istifadə edildikdə, yaxud təmir zamanı işlənmiş, aşağı keyfiyyətli hissədən istifadə olunduqda, həmçinin normadan artıq yüklənmə olduqda qəza baş verə bilər”.

 

 

E.Nurəliyev bildirdi ki, müasir liftlərdə qəza hallarına qarşı ikili-üçlü sığorta sistemi quraşdırılır. Bu səbəbdən belə liftlərin kabinasının qırılıb şaxtaya düşməsinə nadir hallarda rast gəlinir:

 

“Liftin əsas “tros”u qırılanda kabinanı köməkçi “tros” saxlayır, o da qırıldıqda kabinanın əyləc sistemi işə düşür. Əgər lift qırılıb şaxtaya düşürsə, bu ondan xəbər verir ki, lift ya köhnə texnologiyaya sahibdir, ya da zamanında zəruri texniki xidmət və təmir görməyib. Liftlərin qırılmasında onların normadan artıq yüklənməsi də mühüm rol oynayır. İnsan daşınması üçün nəzərdə tutulan kabinaya bəzən ağır yüklər yığılır. Belə hallara, əsasən, təmir üçün istifadə edilən tikinti materiallarının daşınması zamanı rast gəlinir. Liftin həddən artıq yüklənməsi onun istismar müddətinin vaxtından tez başa çatmasına səbəb olur. Buna görə də liftlərə texniki qulluq mütəmadi olaraq göstərilməlidir, eyni zamanda insanlar da liftdən istifadəyə dair təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalıdır. İnsanlar bilməlidir ki, liftə artıq yük yığmaq, daha çox adamın liftə daxil olması, liftin hərəkəti zamanı kabinada lüzumuz hərəkətlər etmək, iki və daha çox düyməni eyni vaxtda basmaq olmaz”.

 

Ekspert istifadəyə yararlı olmayan liftlərin yenilənməsinin daha düzdün olduğunu da bildirdi.

 

Apardığımız kiçik araşdırma göstərdi ki, liftlər ucuz vasitə deyil. Mövcud bazar şərtləri ilə orta keyfiyyətli bir liftin qiyməti 20 min manatdır. Bu qiymətə olanlar dördnəfərlik liftlərdir. Daha çox adam və ya yük qaldırmaq qabiliyyəti olan liftlər isə bahadır. Onların bəzilərinin qiyməti hətta 100 min manata çatır.

 

MTK-lar tərəfindən inşa olunan binaların sakinləri gələcəkdə məhz liftlərin yenilənməsi problemi ilə üzləşəcəklər. Binanı idarə edən şirkətlər və ya MMMC-lər amartizasiya ayırmasını həyata keçirmədiyindən yeni liftlərin alınması xərclərini mənzil sahibləri ödəmək məcburiyyətində qalacaq.

 

Altay


OXŞAR XƏBƏRLƏR