"Güvən, amma yoxla" PRİNSİPİ: Pul müqabilində bir-birini izlədənləri hansı cəza gözləyir?

Son zamanlar xüsusilə sosial media vasitəsilə bir-birini təqib edən və ya hakerlərə pul verərək şəxsi məlumatları izləyən vətəndaşlarla qarşılaşırıq. Danmaq olmaz ki, bu cür insanlar hər kəsin ətrafında mütləq var. Kimiləri bunu müasir dövr, informasiya bolluğu, sosial şəbəkələrin yaratdığı fəsadlarla əlaqələndirir, kimiləri atılan addımları birbaşa “özinkişafa” bağlayır. Bəziləri isə buna “Özümüzdən asılı deyil, inanmırıq”, “İndiki dövrdə heç kimə güvənmək olmaz”, kimi cümlələrlə haqq qazandırmağa çalışırlar. Məsələ ondan ibarətdir ki, təqib və ya izləmə üsulları da hazırda açıq-aşkar sərgilənir – istər “TikTok”da, istərsə də ənənəvi üsullarla, yəni dildən-dilə.....Müəyyən pul müqabilində həyat yoldaşı, sevgilisi, gəlini və ya kürəkəninin şəxsi hesablarına daxil olan, yazışmalarını oxuyan şəxslərlə bağlı hələ də eşidirik.
Maraqlıdır, özəl məlumatları ələ keçirmək üçün pul verən və bunu təmin edən vətəndaşları hansı cəzalar gözləyir?
Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, eyni zamanda şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Müsahibimizin sözlərinə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:
“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.
T.Abdullazadə həmçinin Cinayət Məcəlləsinin 271.1-ci maddəsinə də istinad edib:
“Bu maddəyə əsasən, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən məhkəməyə müraciət edə, hətta kompensasiya da tələb edə bilər”.
Günay Rəsulqızı