Əli Xamenei prezident seçkiləri barədə: "Allahın izni ilə..."

İranın ali dini lideri Ayətullah Əli Xamenei prezident seçkiləri ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, bu barədə Tehranda keçirilən mərasimdə çıxışı zamanı danışıb.
O, fikirlərini bu cür ifadə edib:
“Seçkilərdə yüksək iştirak İran xalqı üçün böyük qazanc olacaq. Yaşadığımız faciəli hadisədən sonra xalqın bir araya gəlməsi və yüksək səslə növbəti prezidenti seçməsi dünyaya çox böyük əks-səda verəcək. Bu səbəbdən 28 iyun seçkiləri çox önəmlidir, bu seçkilərdə iştirak şəhidlərin dəfn mərasimində yüksək iştirakın təzahürüdür. İran xalqının İslam inqilabının əsaslarına inanan, fəal, məhsuldar və təchizatlı prezidentə ehtiyacı var. Həmin şəxs insanların iqtisadi və mədəni boşluqlarını doldurmaqla yanaşı, regionda və dünyada maraqlarını qoruyacaq, təmin edəcək”.
Xamenei vurğulayıb ki, namizədlər arasında seçki təbliğatı əxlaqi prinsiplərə uyğun aparılmalıdır: “Böhtan atmaq, saxtakarlıq işlərin irəliləməsinə kömək etmir, əksinə, milli reputasiyaya xələl gətirir. Seçki prosesi şərəf mərhələsidir. Allahın izni ilə İran millətinə layiq bir prezident seçiləcək”.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra konstitusiyanın 131-ci maddəsinə uyğun olaraq birinci vitse-prezident Məhəmməd Muhbirə 50 günlük prezident səlahiyyətləri verilib. Növbəti prezident seçkilərinin iyunun 28-də keçiriləcəyi açıqlanıb.
Günay