"Uşaqların kimdə qalması və aliment məbləği..." - Boşanmada qəbul edilən qətnamə nə zaman qüvvəyə minir?

Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.
Bəs məhkəmənin qəbul etdiyi qətnamə nə zaman qüvvəyə minir?
Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, tərəflər arasında boşanma məhkəmə qaydasında keçirilirsə, bununla bağlı mütləq şəkildə məhkəmənin qəbul etdiyi qətnamə tərəflərdən hər hansı biri apelyasiya şikayəti verməzsə,1 ay müddətində qüvvəyə minir.
“Qərar bir ay müddətində qüvvəyə mindikdən sonra 3 iş günü ərzində elektron sistemə yüklənir. Elektron sistemə yükləndikdən sonra tərəflər yaxınlaşaraq 16 manat məbləğində dövlət rüsumunu müvafiq qeydiyyat şöbələrinə və yaxud asan xidmət mərkəzlərinə ödəməklə boşanma haqqında şəhadətnaməni əldə edirlər”.
Hüquqşünas qeyd edib ki, tərəflərdən hər hansısa biri məhkəmə qətnaməsindən narazı qaldıqda isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edir.
“Uşaqların kimin himayəsində qalması məsələsi, aliment məbləğinin yüksək olması və yaxud aliment məbləğinin az olması ilə bağlı, əsasən, apellyasiya şikayəti verilir”.
Ülkər Abdurahmanlı