“Ölüm Komitəsi”nin üzvü, Süleymaninin dostu, Xameneyinin adamı... - Qəzada ölən İran rəhbərlərinin DOSYESİ

İranda baş verən helikopter qəzası zamanı Prezident İbrahim Rəisidən başqa daha 3 yüksək vəzifəli şəxs həlak olub. Həmin şəxslər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətin və Təbrizin imamı Məhəmməd Əli Haşemidir.
Sfera.az helikopter qəzasında ölən yüksək səlahiyyətli dövlət rəsmilərinin dosyesini təqdim edir.
Qəzada dünyasını dəyişən ən yüksək səlahiyyətli şəxs Prezident İbrahim Rəisidir. O, 1960-cı ilin 14 dekabrında Məşhəddə anadan olub. Rəisi mühafizəkar siyasi qrupun təmsilçisi idi. Sonuncu prezident 2021-ci ildə seçilib və bu vəzifədə Həsən Ruhanini əvəzləyib.
Rəisinin uşaqlığı və gənclik illəri İranın ikinci böyük şəhəri və ölkənin ən müqəddəs şiə ziyarətgahı olan Məşhəddə keçib. O, beş yaşında olanda ruhani olan atasını itirib. On beş yaşında Qum şəhərində ilahiyyat məktəbində oxumağa başlayıb. Tələbə ikən 1979-cu ildə şaha qarşı Ayətullah Xomeyninin dəstəklədiyi etirazlarda iştirak edib. Rəisi İslam İnqilabından sonra məhkəmə sisteminə qoşulub, müxtəlif şəhərlərdə prokuror işləyib, 25 yaşında isə Tehranın prokuror müavini təyin edilib.
Prezident 1988-ci ildə yaradılan və “Ölüm Komitəsi” kimi tanınan gizli məhkəmələrdəki dörd hakimdən biri olub. Məhkəmələr siyasi fəaliyyətlərinə görə həbs cəzası çəkən minlərlə məhbusun üzərində yenidən "mühakimə" keçiriblər. Yenidən mühakimə nəticəsində bir çox insan ölümə məhkum edilib.
Sonralar Rəisi bununla bağlı verilən sualları cavablandıran zaman edam hökmlərindəki rolunu inkar edib. Amma buna baxmayaraq, o, siyasi rəqiblərə qarşı sərt qərarların qəbul edilməsində iştirak etdiyi bildirib. ABŞ 2019-cu ildə İran rəsmilərinə sanksiya tətbiq edən zaman ədliyyə sistemindəki fəaliyyətinə görə Rəisinin də adını siyahıya salmışdı.
Rəisi prezidentlik yarışına 2017-ci ildə başlayıb. O, ilk cəhdində bu yarışda Həsən Ruhaniyə uduzub. Ruhani seçkinin birinci turunda səslərin 57 faizini toplayaraq ikinci müddətə prezident vəzifəsinə seçilib. Rəisi isə səslərin 38 faizini toplaya bilib.
Bu məğlubiyyət Rəisinin imicinə xələl gətirməyib və o, 2019-cu ildə ədliyyə orqanının rəhbəri təyin edilib.
2021-ci il seçkilərinə yenidən qatılan Rəisi bu dəfə səslərin 62 faizini toplayaraq inamlı qələbə qazanıb. Bununla belə qeyd edək ki, 2021-ci il seçkilərində seçici fəallığı 49 faizdən bir qədər az olub. Bu, 1979-cu il inqilabından sonra prezident seçkiləri üçün ən aşağı fəallıq idi.
Prezidentlik dövrü 2021-ci ilin avqustunda başlayan Rəisi ölkənin problemlərini həll etmək üçün iqtisadiyyatı yaxşılaşdıracağını və sanksiyaların ləğvinə səbəb olacaq hər hansı diplomatik planı dəstəkləyəcəyini vəd etmişdi. Amma bunları etmək mümkün olmadı. Əvəzində Rəisinin hakimiyyəti dövründə İranda böyük etiraz aksiyaları baş verdi.
Tehranda əxlaq polisi tərəfindən hicabını “uyğunsuz” taxdığı iddiası ilə saxlanılan gənc qadın Məhsa Emini polis bölməsində ölmüşdü. Buna görə İranda bir neçə gün kütləvi etiraz aksiyaları keçirildi və bu aksiyalarda çoxlu sayda insan dünyasını dəyişdi.
İbrahim Rəisi Məşhəd Cümə Namazı İmamı Əhməd Alamolhodanın qızı Cəmilə Alamolhoda ilə evlidir. Mərhum prezidentin iki qızı və iki nəvəsi var.
Xarici işlər naziri Hüseyn Əmir Abdullahian 1964-cü ilin aprelin 23-də Semnan ostanında anadan olub. 2021-ci ilin avqustundan dünyasını dəyişdiyi tarixə qədər xarici işlər naziri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə Ərəb və Afrika işləri üzrə xarici işlər nazirinin müavini, 2007-2010-ci illərdə İranın Bəhreyndəki səfiri olub. Nazir 1994-cü ildə ailə həyatı qurub. Bir oğlu, bir qızı var. Hüquq və diplomatiya üzrə təhsil alıb.
2007-ci ildə Bağdadda İran-İraq-ABŞ danışıqlarında İran müzakirə qrupuna rəhbərlik edib. Müzakirələrdə əsas məqsəd İraqda yaranan gərginliyi azaltmaq olub.
Əmir Abdullahianın Qasım Süleymani ilə yaxın münasibəti var idi. İki şəxs arasında yaxınlıq Abdullahianın iyirmi il ərzində Xarici İşlər Nazirliyində ərəb və Afrika sahəsi üzrə mühüm vəzifələrdə çalışması ilə bağlı idi. Süleymani Qüds Qüvvələrinin komandanı olanda Abdullahian nazirlikdə İraq üzrə ekspert olub. 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsi zamanı Səddamın devrilməsindən sonra o, Xarici İşlər Nazirliyində İraq üzrə məsul şəxsi idi.
Qəzada dünyasını dəyişən Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti 1982-ci ildə anadan olub.
M.Rəhməti Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsi alıb. Bir müddət özəl hüquq fəaliyyəti ilə məşğul olub. Daha sonra İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif postlarda çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib. O, bu vəzifədə yeni idi və bu təyinatdan öncə 2023-2024-cü illərdə İranın Özəlləşdirmə Təşkilatına rəhbərlik edib.
Təbrizin imamı Məhəmmədəli Al-Haşimi isə 1962-ci ildə Təbriz şəhərində anadan olub. İlkin dini biliklərə Təbrizdə yiyələnən Məhəmmədəli Al-Haşimi alimlik dərəcəsini İranın Qum şəhərində alıb. Məhəmmədəli Al-Haşimi İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneiyə yaxınlığı ilə seçilib. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-2016-cı illərdə İranda "Ordunun Siyasi İdeoloji Təşkilatı"nın rəhbəri vəzifəsində çalışıb.
Vasif