Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində Marneulidə yaşayan azərbaycanlılar pulsuz müayinə olunublar
"Vakedə klinika” səhiyyə müəssisəsi dekabrın 4-də Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda pulsuz müayinə aksiyası keçirib.
Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin anım gününə həsr olunmuş aksiyada 100-dən çox azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq həkim müayinəsindən keçiblər.
"Vakedə klinika”nın 20-dən çox yüksək ixtisaslı həkimi müasir texniki avadanlığın köməyi ilə insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini verib.
Klinikanın baş direktoru və təsisçisi, professor Zinaida Vaşakidze AZƏRTAC-a müsahibəsində deyib: "Bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin anım günü olacaq. Belə bir dahi şəxsiyyətin anım günündə azərbaycanlılar yaşayan bölgələrdə pulsuz müayinələr təşkil etmək bizim üçün şərəfdir”.
Klinikanın baş həkiminin azərbaycanlılarla iş üzrə köməkçisi Aysel Məmmədova isə bildirib ki, bu cür aksiyalar azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani, Dmanisi və digər bölgələrdə də təşkil ediləcək. Məqsədimiz Ulu Öndəri yad etməklə yanaşı, insanların sağlamlığına diqqət yetirmək, onlara lazımi tibbi yardım göstərməkdir.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili bildirib ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, siyasi xadimin xatirəsi Gürcüstanda ehtiramla yad olunur. "Vakedə klinika”nın həkimlərinin Marneulidə belə bir aksiya keçirməsi bütün gürcülərin ürəyincədir. Gürcüstan dövləti və hökuməti klinikanın həkimlərinin bu addımını alqışlayır.
Qeyd edək ki, müayinə üçün Marneuliyə qonşu rayonlardan gələnlər də var idi.
Dmanisi rayonundan gəlmiş Oysandıq Həsənova bu cür aksiyaların təşkilini yüksək qiymətləndirərək deyib: "Bəzi insanların rayon mərkəzinə və paytaxta həkimə getməyə imkanı yoxdur. Müayinə üçün xeyli pul lazımdır. Həkimlərin bizə belə bir imkan yaratması hamımızın ürəyincədir. Mən müayinə olundum və müalicə üçün çox səmərəli məsləhətlər aldım. Çox razıyam və minnətdarlığımı bildirirəm”.
Aksiyada Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini Kamandar İsmayılov da iştirak edib./azertag.az/