"Dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında təmin edilməsi müstəsna xarakter daşıyır" - Əhməd İsmayılov

“Bu gün keçirilən forumla Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur”.

 

Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

 

İcraçı direktor bildirib ki, Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb:

 

“Forum iştirakçıları panel sessiyalarda gündəlik fəaliyyətlərində ortaya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır.Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoyub”.

 

“Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır və Medianın İnkişafı Agentliyi də öz növbəsində mediadan gələn bütün təşəbbüslərə həssas yanaşaraq, onları dəyərləndirərək həyata keçməsini dəstəkləyir. Bu baxımdan “İctimai proseslər media müstəvisində” mövzusuna həsr etdiyimiz Forumun ölkəmizin media gündəminin formalaşdırılmasına töhfə verəcəyinə inanırıq", - Agentlik rəhbəri qeyd edib.

 

Firuzə Əliyeva

Foto:Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR