Macarıstan Ermənistana ayrılan yardımı buna görə BLOKLADI - Politoloq AÇIQLADI

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon məbləğində dəstək verilməsinin qarşısını kəsib.
Sfera.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov bildirib.
“Avropa Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilən bir fonddur. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilə qədər fəaliyyətinin uzadılması planlaşdırılır. Fondun hazırkı büdcəsi 17 milyard avrodur. Sonuncu dəfə fondun 15 milyon avro məbləğində pulu Qərbi Afrikadakı Kot-d'İvuar hərbçilərinə ayrılıb. Kot-d'İvuar qeyri-qanuni silahlı qruplarla mübarizə aparır. Ermənistana verilməsi nəzərdə tutulan yardımın məbləği daha az olsa da, regional təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir. 10 milyon avronun nəyə xərclənəcəyi də maraqdoğuran suallardan biridir”.
Politoloq qeyd edib ki, Rəsmi Budapeşt Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklamaqla tamamilə haqlıdır.
"Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir. Bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur. Ermənistanın “Radio Azatutyun” xəbər agentliyi (“Azadlıq” radiosunun yerli filialı, ABŞ hökuməti tərəfindən maliyyələşdirilir) xəbər verir ki, Macarıstan hökuməti Ermənistana Aİ Sülh Fondundan yardımın qarşısını kəsib, guya bu barədə aprelin ortalarında razılaşdırılıb. Macarıstanın yardımı bloklamasının səbəbi fonddan yardım alanlar siyahısında Azərbaycanın olmaması olub. Macarıstanın bu addımı bir daha sübut edir ki, Türk Dövlətləri Təşkilatına (Macarıstan müşahidəçi qismində üzvdür) daxil olan ölkələr arasında münasibətlər o qədər güclüdür ki, Brüssel bunları nəzərə almağa məcburdur”.
Ülkər Abdurahmanlı