Stoltenberqdən Ukrayna ilə bağlı ÇAĞIRIŞ: "Hər hansı bir gecikmə..."

Stoltenberqdən Ukrayna ilə bağlı ÇAĞIRIŞ:

NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısından əvvəl jurnalistlərə açıqlama verib.

 

Sfera.az bildirir ki, Avropanın müharibə ilə üz-üzə qaldığını bildirən Stoltenberq Rusiyanın son günlər Ukrayna vətəndaşlarını və infrastrukturunu hədəf alan böyük hücumlar həyata keçirdiyini və cəbhəyə təzyiqlərini davam etdirdiyini bildirib. O, məhz bu səbəbdən müttəfiqlərin Ukraynaya dəstək verməli olduğunu vurğulayıb.

 

“Mən müttəfiqlərin böyük miqdarda silah, sursat və avadanlıq tədarükünü davam etdirməsini alqışlayıram. Ancaq Ukraynanın təcili ehtiyacları var. Dəstəyin verilməsində hər hansı bir gecikmə döyüş meydanında ciddi nəticələrə səbəb ola bilər. Ona görə də dəstəyimizin dinamikasını dəyişməliyik”.

 

NATO-nun Ukraynaya davamlı dəstəyi üçün çoxillik maliyyə öhdəliyini də müzakirə edəcəklərini ifadə edən Stoltenberq, “Nazirlər səviyyəsində keçiriləcək görüş Vaşinqton Sammitinə hazırlaşarkən bu mövzularda konsensusun əldə edilməsi üçün zəmin yaradacaq. NATO çərçivəsində daha çox yardım səyləri səmərəli və təsirli olacaq”, - qeyd edib.

 

Stoltenberq sabah NATO-Ukrayna Şurası iclasının keçiriləcəyini də vurğulayıb:

 

“Nazir Kuleba ilə birlikdə Ukraynanın indiki və gələcək vəziyyətini və ehtiyaclarını müzakirə edəcəyik. Biz NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çeviririk. Biz Ukraynaya tədarükdən tutmuş logistikaya qədər hər sahədə NATO standartlarına yaxınlaşmağa kömək edirik. Kiyevi alyansa yaxınlaşdırmaq üçün aparılan islahatları dəstəkləyirik. Ukrayna NATO-ya üzv olacaq. Məsələ bunun nə vaxt olacağı, üzv olub-olmayacağı deyil”.

 

NATO-nun baş katibi Rusiya məsələsinə toxunub:

 

“Rusiyanın Asiyadakı dostları müharibəni davam etdirməsi baxımından onlar üçün əhəmiyyətlidir. Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir. Bunun müqabilində Moskva öz gələcəyini Pekinə girov qoyur. Şimali Koreya və İran əhəmiyyətli miqdarda silah və sursat verir. Bunun müqabilində Pxenyan və Tehran öz raket və nüvə imkanlarını inkişaf etdirmək üçün Rusiya texnologiya və materiallarını alır. Bunun regional və qlobal təhlükəsizliyə təsiri var. Ona görə də həmfikir xalqlar bir yerdə olmalıdırlar”.

 

Stoltenberq ABŞ-nin Ukrayna siyasəti ilə bağlı sualları da cavablandırıb:

 

“ABŞ Ukraynanın yeganə dəstəkçisi deyil. Avropalı müttəfiqlər və Kanada da Kiyevə hərbi dəstək verir. Beləliklə, bu, əslində ABŞ, Avropa müttəfiqləri və Kanadanın birgə səyidir. Amma təbii ki, ABŞ bizim ən böyük müttəfiqimizdir, ən çox hərbi dəstəyi verir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR