Fitrə zəkatı hansı məbləğdə və nə zaman verilməlidir? - AÇIQLAMA

"Ramazanda ən çox verilən suallardan biri də fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə fitrə zəkatı, verilən ərzağın dəyərindən asılı olaraq dəyişir:
“Buğdanın qiyməti ilə hesablasaq, məbləğ daha aşağı, xurma və ya düyünün qiyməti ilə hesablasaq daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. “Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər?” sualı da maraq doğuran suallardan biridir. Bəzi islam alimləri mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alan bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər”.
Ceyhun Məmmədov qeyd edib ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər.
“İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir və bu, mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatı Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi verilməlidir”.
Ülkər Abdurahmanlı