"Bu üsulla vergidən yayınma hallarının qarşısı alınacaq" - AÇIQLAMA

"Artıq vətəndaşlar heç yerə getmədən biometrik imzadan istifadə etməklə hüquqi və ya fiziki şəxsi yarada biləcəklər".
Bunu Sfera.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas deyib.
Belə ki, əvvəllər Dövlət Vergi Xidmətinin saytında xidmət hər nə qədər elektron olsa da, gücləndirilmiş imza almaq üçün mütləq harasa getmək, həmin imza üçün ödəniş etmək lazım idi. İndi isə artıq "SİMA İmza" Dövlət Vergi Xidmətinin yenilənmiş saytına inteqrasiya olunub.
F.Pərdəşünas vurğulayıb ki, Dövlət Vergi Xidməti biometrik imzanı inteqrasiya eləməklə, vergidən yayınma hallarının qarşısını alacaq:
“Əgər "SİMA İmza"ya qədər bu mobil nömrə əsaslı gücləndirilmiş imza ilə icra olunurdusa, indi artıq biometrik imza seçimi də olacaq. Çünki mobil nömrə əsaslı imza ilə şirkət açan bəzi şəxslər bunu müxtəlif adamların adına nömrə alaraq (xüsusən də qohum, regionlarda yaşayan tanış və s), şirkət yaradıb, dövriyyə formalaşdırırdılar. Daha sonra vergini ödəmədən, aradan çıxırdılar. İndi Dövlət Vergi Xidməti birbaşa biometrik imza ilə bunu təsdiqlədəcək. Yəni şirkəti açan adamın üz skanından istifadə olunacaq”.
Firuzə Əliyeva